Xarici xəbərlər

“Breksit”lə əlaqədar Aİ-nin aparıcı qurumları Londonu tərk edir

21-11-2017 | 11:00        

  

Avropa İttifaqı Şurasının Brüsseldə keçirilən iclasında əsas müzakirə mövzularından biri Böyük Britaniyanın qurumdan çıxması məsələsi olub. Avropa İttifaqının “Breksit” danışıqları üzrə xüsusi nümayəndəsi Mişel Barnye danışıqlarla bağlı pessimist fikirdə olduğunu gizlətməyib. Qurum rəsmisi bildirib ki, baxmayaraq ki, razılaşmanın olmaması Avropa İttifaqının ssenarisi deyil, onlar buna hazırdırlar. Onun sözlərinə görə yalnız Avropa İttifaqına üzvlüyün üstünlüklərini başa düşməyənlər, razılaşmanın olmamasını müsbət nəticə hesab edə bilərlər. Belçikanın xarici işlər naziri Didye Reynders bildirib ki, istənilən ssenariyə hazır olmaq lazımdır. Onun sözlərinə görə əsas məsələlərdə real irəliləyiş olmasa, razılığın əldə olunmaması ehtimalı var. Bu arada, Avropa İttifaqının aparıcı qurumları artıq “Breksit”lə bağlı hazırlıqlara başlayıblar. Belə ki, Avropa Bank İdarəsi və Avropa Dərman Preparatları Agentliyi Londonu tərk etməyə qərar verib. Avropa Bank İdarəsi Paris, Avropa Dərman Preparatları Agentliyi isə Amsterdama köçməyə hazırlaşır. Müvafiq qərar ittifaqa üzv 27 ölkənin nazirləri tərəfindən gizli səsvermə nəticəsində qəbul olunub. Hər iki qurumun 1000-ə yaxın əməkdaşı var. Adıçəkilən agentliklərin köçməsi Londonda 1000 iş yerinin bağlanması deməkdir.