Siyasət

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 45-ci cildi çapdan çıxıb

17-11-2017 | 16:12        

  

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 45-ci cildi çapdan çıxıb. Çoxcildliyin bu nəşrinə daxil olan materiallar 2011-ci ilin martından may ayınadək olan dövrü əhatə edir. Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 45-ci kitabında Prezident İlham Əliyevin Azərbaycanın uğurla aparılan xarici siyasətinə, iqtisadi potensialın möhkəmlənməsinə, ordu quruculuğuna, regionların sosial inkişafının həyata keçirilməsinə, cəmiyyətimizin demokratikləşdirilməsi istiqamətində önəmli nailiyyətlərə və ictimai-siyasi həyatın digər sahələrinə dair nitqləri, çıxışları, tövsiyələri öz əksini tapıb. Bu cilddə dövlət başçısının ölkəmizə rəsmi səfərə gələn Yunanıstan, Rumıniya, Ukrayna və Litvanın dövlət başçıları ilə görüşləri zamanı ölkələrimiz arasında çoxşaxəli əlaqələrin inkişafından, enerji və qeyri-neft sektoruna aid bağlanan müqavilələrdən, həmçinin beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsindən və genişləndirilməsindən bəhs olunur. Azərbaycan Prezidentinin bütün görüş və danışıqlarının qayəsini Ermənistanın işğalçılıq siyasəti, regionun inkişafına əngəl olan Dağlıq Qarabağ problemi və onun həlli yolları təşkil edir. Kitabda, həmçinin ölkəmizə gəlmiş bir sıra beynəlxalq təşkilatların nümayəndələri, mədəniyyət və din xadimləri ilə görüşlər, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr də yer alıb.