Cəmiyyət

Milli Məclis bir sıra qanunlara təklif olunan dəyişiklikləri təsdiqləyib

17-11-2017 | 16:07        

  

Milli Məclisin iclasında bir sıra qanunlara dəyişikliklər edilib. İclasda yeni “Rəşadət” ordeninin təsis edilməsi haqqında qanun layihəsi qəbul olunub.

Milli Məclisin iclasının gündəliyinə 30 məsələ salınmışdı. Gündəliyin və cari məsələlərin müzakirəsi zamanı millət vəkilləri müxtəlif məslələrdən danışdılar. Spiker Oqtay Əsədov millət vəkillərinin diqqətinə çatdırdı ki, dövlət başçısının Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi barədə sərəncamına uyğun olaraq, cümhuriyyətin və parlamentin yüz illiyinin qeyd olunması istiqamətində Milli Məclis işlərə başlayıb.

İclasda bir sıra qanunlara təklif edilən dəyişikliklərə də baxıldı. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslər tərəfindən vergi və maliyyə məlumatlaırnın mübadiləsini nəzərdə tutan Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyənləşən müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə fiziki şəxslər 50 manat, hüquqi şəxslər  isə 100 manat cərimələnəcəklər.

"Sığorta fəaliyyəti", “Qiymətli kağızlar bazarı”, “Poçt”, “İnvestisiya fondları”, “Banklar”, “Bank olmayan kredit təşkilatları” haqqında qanunlara təklif edilən dəyişikliklərə görə isə, Həyatın yığım sığortası və annuitet sığortası üzrə fəaliyyət göstərən sığortaçı, Mərkəzi depozitar, investisiya şirkətləri, Milli poçt operatoru, investisiya fondları, banklar, bank olmayan kredit təşkilatları da beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanda həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir.

Ödənişli avtomobil yollarının əhatə dairəsinin dəqiqləşdirilməsi ilə bağlı “Avtomobil yolları haqqında" qanuna da dəyişiklik olundu. Həmçinin açıq məkanda reklama icazə alınması üçün prosedurlar dəqiqləşdirildi. Eləcə də açıq məkanda reklam yerləşdirilməsi və yayımına görə haqqın ödənilməsi qaydası və məbləği ilə bağlı məsələlər “Reklama haqqında” qanuna edilən dəyişikliklərlə tənzimlənəcək.

Daşınmaz əmlaka sərəncam verilməsi sahəsində mexanizmlərin daha da təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə isə Mülki Məcəlləyə dəyişiklik edildi. Məcəlləyə əlavə olunan 148.2-1-ci maddəsində göstərilir ki, hüquq sahibinin istəyi ilə "Elektron hökumət" portalında yerləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlak üzərində sərəncam verildiyi hallarda çıxarışın notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsi ilə "Notariat haqqında" qanuna uyğun olaraq real vaxt rejimində əldə ediləcək. Qeyd olundu ki, Mülki Məcəlləyə, eləcə də "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna edilən dəyişiklikdən sonra daşınmaz əmlakın dövlət reyestri "Elektron hökumət" portalına inteqrasiya olunacaq, hüquq sahibinin istəyi olduqda notarius və ya bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs həmin portal vasitəsi ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı real vaxt rejimində özü əldə edəcək, bununla da daşınmaz əmlak üzərində sərəncam verilməsi daha operativ həyata keçiriləcək.

Cinayət, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrinə edilən dəyişiklikdə borcalma ilə bağlı yeniliklər əks olunub. Layihəyə əsasən, dövlətə məxsus olan hüquqi şəxslərin müvafiq icra hakimiyyəti orqanının razılığını almadan daxili və ya xarici borcalması dövlətə xeyli miqdarda ziyan vurduqda 3 il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, cinayət nəticəsində vurulmuş ziyanın bir mislindən üç mislinədək miqdarda cərimə, yaxud 2 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Eyni əməllər dövlətə külli miqdarda ziyan vurduqda 3 il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarında cərimə və ya 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Cinayət Məcəlləsinə 195-2 maddəsində əlavə edilən  “Qeyd” hissəsində isə bildirilir ki, “dövlətə məxsus olan hüquqi şəxslər” dedikdə paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur.

Milli Məclis qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə “Prokurorluq haqqında” qanuna təklif olunan dəyişikliyi də qəbul etdi. Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçuları üçün yeni “Rəşadət” ordeni təsis edilir. Ordenlə Azərbaycan Silahlı Qüvvələrində hərbi qulluqçular əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin təmin edilməsi, fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsi, dövlət sərhədinin mühafizəsinin təmin edilməsi və digər xidmətlərinə görə təltif olunacaqlar. “Rəşadət” ordeninin 3 dərəcəsi var. 1-ci dərəcəli “Rəşadət” ordeni ən yüksək dərəcədir. Millət vəkilləri belə orden və medalların təsis olunmasını və bununla ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xidmətlər göstərənlərin təltif edilməsinin təqdirəlayiq olduğunu bildirdilər.