Siyasət

Bakıda Türkmənistanın milli bayramı qeyd edilib

17-11-2017 | 15:01        

  

Noyabrın 16-da Türkmənistanın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib.

Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndirildikdən sonra səfir Mekan İşanquliyev tədbirdə çıxış edərək ölkəsinin müstəqillik tarixindən danışıb. O deyib ki, Türkmənistan Prezidenti birlik, sülh şəraitində gələcək qurmağa çalışır. Dövlət başçısı xarici siyasətin inkişafına xüsusi diqqət yetirir. Digər ölkələrlə bütün sahələrdə əlaqələr inkişaf edib.

Türkmənistan ilə Azərbaycanı dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyini söyləyən səfir qeyd edib ki, bu əlaqələrin yaradılmasında iki xalqın əsrlər boyu davam edən mədəni, milli ənənələrinin böyük rolu var. Diplomat ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində dövlət başçılarının görüşlərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Türkmənistan-Azərbaycan münasibətlərinin inkişafında yeni mərhələnin yaşandığını vurğulayan səfir bunun siyasi, humanitar, iqtisadi, mədəni sahələrdə də özünü göstərdiyini deyib. O, ölkələrimiz arasında ticarət dövriyyəsinin sürətlə artdığını, enerji və nəqliyyat sahələrində regional, beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirildiyini bildirib.

Azərbaycan hökuməti adından Türkmənistan xalqını əlamətdar bayram münasibətilə təbrik edən gənclər və idman naziri Azad Rəhimov ikitərəfli əlaqələrin yüksək səviyyədə davam etdirildiyini söyləyib. O, ölkələrimizi dostluğun, qarşılıqlı faydalı əməkdaşlığın birləşdirdiyini vurğulayıb. Nazir istifadəyə veriləcək yeni dəniz limanlarının, eləcə də həyata keçiriləcək digər layihələrin ölkələrimizin iqtisadi-siyasi əhəmiyyətinin artmasına gətirib çıxaracağını vurğulayıb.

Azad Rəhimov bu ilin sentyabr ayında Aşqabadın qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarına uğurla ev sahibliyi etdiyini söyləyib. O, ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.