Xarici xəbərlər

Dəməşq ətrafında döyüşlər nəticəsində onlarla adam ölüb

17-11-2017 | 13:50        

  

Suriya ordusu  “İraq-Şam İslam Dövləti” terror qruplaşmasının nəzarətində olan Əbu Kamal şəhərini azad etmək üçün əməliyyatları intensivləşdirib.  Hərbi birləşmələr  terrorçuların mövqelərinə çoxsaylı artilleriya və hava zərbələri endirib. Şəhərə daxil olan hərbçilər artıq bir neçə məntəqəni terrorçulardan təmizləyiblər. Digər tərəfdən, Suriyanın paytaxtı Dəməşq yaxınlığında silahlı toqquşmalar yenidən şiddətlənib.  Şərqi Qutada ordu ilə silahlı birləşmələr arasında son 3 gündə baş verən döyüşlər nəticəsində onlarla adam ölüb. Qətlə yetirilənlər arasında azı 22 mülki şəxs, 30-a yaxın hərbçi də var. Silahlı birləşmələrin verdiyi itkinin dəqiq sayı məlum deyil. Paytaxtın mərkəzinə düşən mərmilər də dağıntı və tələfata səbəb olub. Dəməşqdə azı 8 nəfər ölüb, 40-dan çox adam yaralanıb. Xəsarət alanlar arasında vəziyyəti ağır olanlar da var. Tələfatın artacağı istisna edilmir.