Cəmiyyət

Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunda yenidənqurma işləri yekunlaşır

17-11-2017 | 12:46        

  

Suraxanı rayonunda Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun Etibar Bəkirov və Səttar Bəhlulzadə küçələri arasında yerləşən 2.7 km-lik hissəsinin yenidən qurulması işləri yekunlaşır. Təmir-tikinti işləri zamanı yolun eni genişlədirilərək 12 m-ə çatdırılıb. Asfalt-beton örtüklərində yaranan dağıntılar avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətində problemlər yaradırdı. Aparılan işlər zamanı köhnə asfalt-beton örtüyü daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu çıxarılıb, əvəzinə yararlı material tökülərək yeni yol yatağı, qum-çınqıl qarışığı və  optimal qırmadaş qarışığından ibarət isə yol əsasının inşası aparılıb. Yol boyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənib.

Səth sularının yolun hərəkət hissəsindən ötürülməsini təmin etmək məqsədi ilə zəruri olan yerlərdə xüsusi quyular tikilib, yağış barmaqlıqları, 10 nöqtədə drenaj və suötürücü boru quraşdırılıb. Bundan başqa gələcəkdə yola ziyan vurmadan yeraltı kommunikasiya xətlərinin keçirilməsi üçün 9 yerdə ehtiyat keçidlər qoyulub. Layihə çərçivəsində avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 8 yerdə xüsusi “cib”li dayanacaq hissələri yaradılır.

Qeyd edək ki, ötən il Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5 km-lik hissəsinin tikintisi də aparılmışdı. BU avtomobil yolu 63 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir.