Xarici xəbərlər

"Epress.armenian" qəzeti: Ermənistanda gənclər niyə əsgər getmək istəmirlər?

17-11-2017 | 10:52        

  

Ermənistan gəncləri orduda xidmət etmək istəmirlər. İrəvanda bununla bağlı etirazlar artıq 10 gündür davam edir. Gənclər birmənalı şəkildə orduda xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasının əleyhinədirlər. Tələblərinə əhəmiyyət verilmədiyini görən tələbələr dərslərdən imtina edir, yürüşlər təşkil edir, yolları bağlayır, aclıq aksiyası keçirirlər. “Epress.armenian” qəzeti gənclərin hərbi xidmətdən yayınma səbəblərini araşdırıb. Bu haqda dərc olunan məqalədə bildirilir ki,  gəclərin aksiyası sadəcə bəhanədir. Onlar təhsillərini davam etdirmək yox, əsgər getməmək uğrunda mübarizə aparırlar. Bunu heç kim dilə gətirmək istəmir. Çünki reallığı etiraf etməkdən qorxurlar. Bəs səbəb nədir? Qəzet yazır ki, gənclər hərbi xidmət keçmək istəmirlər, duz də edirlər. Çünki, hökumət onların təhlükəsizliyinə zəmanət vermir. Bütün hərbi hissələrdə geyim, qida, istilik, təmizlik problemləri mövcuddur. Övladları xidməti başa vuranadək valideynlər müflis olurlar. Əsgərlər tez-tez təhqir edilirlər, incidilirlər. Bu da suiqəsd hallarının sayını artırır. Ona görə də gənclər həyatlarını boş yerə təhlükəyə atmaq istəmirlər. Əksər valideynlər övladları yetkinlik yaşına çatmamış ölkədən qaçırır. Nəticədə Ermənistanın hərbi hissələrində gənclərin sayı azalır. İşğalçı ölkənin hərbi sahəsi indi muzdla xidmət edən 45-55 yaşlıların ümidinə qalıb. Onlar isə 18-20 yaşlı gənclərlə kobud rəftar edirlər. Bunun isə çox vaxt mənfi nəticələri olur. Noyabrın 14-də Gümrüdəki 102 saylı hərbi hissədən 2 hərbçisi itkin düşüb. Onların zabitləri tərəfindən incildiyi bildirilir. İki gündür axtarışlara baxmayaraq hərbiçilərdən xəbər yoxdur. Bu ilin aprelində də 102 saylı hərbi hissədən hərbçilər itkin düşüb. Bir hərbiçi isə naməlum səbəbdən həyatını itirib. Oxşar hallar Ermənistanda çoxalıb. Rəsmi açıqlamaya görə, 2017-ci ilin yanvar-oktyabr ayları ərzində Ermənistan silahlı qüvvələrində müxtəlif səbəblərdən 54 nəfər ölüb, 88 nəfər isə yaralanıb. Lakin müstəqil mənbələr bu rəqəmlərin 2-3 dəfə çox olduğunu bildirirlər. Bütün bunları bilən tələbələr, gənclər hərbi xidmətdən, xüsusilə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində xidmətdən imtina edirlər.