Xarici xəbərlər

Əmək islahatlarına qarşı kütləvi nümayişlər keçirilib

17-11-2017 | 10:47        

  

Fransanın müxtəlif şəhərlərində Həmkarlar İttifaqlarının çağırışı ilə əmək islahatlarına qarşı kütləvi nümayişlər keçirilib. Aksiyalarda 80 000-ə yaxın adam iştirak edib. Polisin məlumatına görə təkcə paytaxt Parisdəki nümayişə 8 000 etirazçı qoşulub. Həmkarlar İttifaqı  isə bu rəqəmin 40 000 olduğunu iddia edir. Aksiyalarda məktəblilər, təqaüdçülər və tələbələr də iştirak edib. Əmək islahatlarına qarşı nümayişlər Marsel, Strasburq, Nant, Lion və digər şəhərlərdə də baş tutub. Asayişin qorunmasına çox sayda polis əməkdaşı cəlb olunub. Parisdəki etiraz aksiyası zamanı anarxistlər iğtişaş törədiblər. Onlar mağaza və bank binalarını talan edib, tullantı qablarına od vurub, asayiş keşikçilərinə şüşə qablar və daş parçaları atıblar. İslahatların əleyhdarları hesab edir ki, qanunvericilikdə dəyişikliklər sahibkarların xeyrinə olacaq ve sadə isçiləri bir çox sosial təminat və hüquqlardan məhrum edəcək.  Son bir neçə ay ərzində Fransanın iri şəhərlərində əmək islahatlarına qarşı kütləvi nümayişlər keçirilib. İslahatlar aparıcı Həmkarlar İttifaqları liderlərinin dəstəyini qazanmayıb. İctimaiyyətin narazılığına baxmayaraq Fransa prezidenti Emmanuel Makron sentyabrda əmək islahatlarını təsdiqləyib. Həmkarlar İttifaqları əmək və pensiya islahatlarına qarşı nümayişləri davam etdirəcəklərini bildiriblər.