İqtisadiyyat

“Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsi ilə Azərbaycandan daşınan yüklərin həcmi artıb

15-11-2017 | 12:49        

  

Ölkəmizin regionda nəqliyyat tranzit imkanları artmaqdadır. Artıq Şimal- Cənub nəqliyyat dəhlizi vasitəsi ilə Azərbaycandan keçərək İrana  daşınan  yüklərin həcmi çoxalıb və  bu ilin ötən 7 ayı ərzində İran ərazisindən 5,4 milyon ton yük daşınıb.

Cənub-Şərqi Asiya ölkələrindən İrana daxil olan yüklər Azərbaycandan tranzit keçməklə Rusiya və Avropa istiqamətinə yola salınıb. Bu isə onu deməyə əsas verir ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi artıq fəaliyyət göstərir. Bu barədə İranın Yollar və Şəhərsalma Nazirliyinin nümayəndəsi Rza Nəfisi  açıqlama verib. Bildirib ki, yaxın vaxtlarda “Şimal-Cənub” dəhlizi ilə daşınan yüklərin həcmi artacaq. Qəzvin-Rəşt-Astara-Astara dəmiryolu xəttinin istismara verildikdən sonra isə Rusiya və Avropaya yüklər məhz bu yolla daşınacaq. Bu, daşınan yüklərin həcmini daha da artıracaq. Qəzvin-Rəşt-Astara-Astara dəmir yolu xətti işə düşdükdə  yüklər Şəhid Rəcayi limanında gəmilərdən birbaşa qatara yüklənəcək və heç bir yerdə təkrar yükləmə olmadan Avropaya qədər hərəkət edəcək.

Yeri gəlmişkən Azərbaycan-İran sərhədində yerləşəcək terminal da Rusiyanın Stavropol diyarında istehsal olunan buğdanın ərəb ölkələrinə tədarükünü artırmağa imkan verəcək, Bu haqda isə Stavropol diyarının kənd təsərrüfatı naziri Vladimir Sotnikov bildirib. Vurğulayıb ki, “buğda satışının perspektivli istiqamətlərindən biri Azərbaycan və Gürcüstanın dəmir yolu nəqliyyat sistemindən fəal istifadəni nəzərdə tutan Xəzəryanı vektordur. Azərbaycan-İran sərhədində, “Astara” sərbəst iqtisadi zona ərazisində buğda terminalının tikilməsi tədarükün artırılmasına əlavə stimul vəd edir. Terminalın tikintisi üçün Azərbaycan və Rusiya Dəmir Yolları tərəfindən “Azrustrans” müştərək müəssisəsi yaradılıb. Terminal İranın Bəndər-Abbas limanından tranzit kimi istifadə etməklə, İrana buğda ixracının həcmini artırmağa və daha sonra onu Səudiyyə Ərəbistanı, Dubay və Misirə çatdırmağa imkan verəcək.