Xarici xəbərlər

İran-İraq sərhədində 7,3 bal gücündə zəlzələ 450-dən çox adamın həyatına son qoyub, 7 000 insan yaralanıb

14-11-2017 | 11:41        

  

İran-İraq sərhədində 7,3 bal gücündə baş verən dağıdıcı zəlzələ 450-dən çox adamın həyatına son qoyub. Təbii fəlakət İranda 445, İraqda isə 11 insanın ölümünə səbəb olub. 7 000-dən çox adamın yaralandığı bildirilir. Zəlzələdən sonra fəlakət zonalarında  20-dən çox təkrar yeraltı təkan qeydə alınıb. Təbii fəlakətdən ən çox İranın qərbində yerləşən Sərpol Zəhab şəhəri ziyan çəkib. Şəhərdəki xəstəxana dağıldığından yaralılar qonşuluqdakı yaşayış məntəqələrinin tibbi mərkəzlərinə yerləşdirilib. Kirmanşah əyalətinin digər dağlıq şəhər və qəsəbələri də zəlzələdən ziyan çəkib. Bəzi tarixi abidələrə ciddi ziyan dəyib. Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının məlumatına görə təbii fəlakət nəticəsində 70 000 sakin evsiz qalıb. Zəlzələ ilə əlaqədar Kirmanşahda üç günlük matəm elan olunub. İraqın Diyalə və Süleymaniyyə əyalətlərində də dağıntılar qeydə alınıb. Yeraltı təkanlar paytaxt Bağdadda hiss olunub.