Cəmiyyət

Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi yaradılıb

14-11-2017 | 09:51        

  

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən institusional islahatların tərkib hissəsi kimi daha bir mühüm addım atıldı: Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi yaradıldı. Yeni qurumun məqsədi dəyər zəncirinin bütün mərhələlərini əhatə edib, risklərin təhlili yanaşmasına əsaslanaraq qida təhlükəsizliyi sistemini formalaşdırmaqdır. Agentlik bu sahədə idarəetmənin səmərəliliyini və optimallığını təmin edəcək, pərakəndəliyi və təkrarlanmaları aradan qaldıracaq. Eyni zamanda, qida təhlükəsizliyi ilə bağlı vahid idarəetmənin tətbiqi resurslarina qənaət edəcək, istehlakçı maraqlarını qoruyacaq, ixrac-idxal proseslərində sənədləşməni asanlaşdıracaq, xarici ölkələrə ixrac edilən qida məhsullarının qida təhlükəsizliyi sertifikatı ilə və idxal olunan qida  məhsulların təhlükəsizliyini təmin edəcək, sahibkarlıq subyektlərində yoxlamaların azaldaraq şəffaflaşdıracaq, genetik modifikasiya olunmuş qida məhsullarının ölkəyə idxalına nəzarəti gücləndirəcək. Yeni qurumun strukturu da artıq təsdiqlənib. Belə ki, Agentlik Aparatının işçilərinin say həddi üçün  75 ştat vahidi müəyyən edilib. Qida Təhlükəsizliyi Agentliyinin gələn il yanvarın 1-dən fəaliyyətə başlaması nəzərdə tutulub.

Bununla yanaşı, Agentliyin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu da yaradılacaq. Bu institut qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların aparılması, elmi prinsiplərə əsaslanan risk qiymətləndirməsinin həyata keçirilməsi, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrin hazırlanması və digər müvafiq fəaliyyətləri həyata keçirəcək. Qida Təhlükəzliyi Agentliyinin fəaliyyəti nəticəsində  gələcəkdə ölkənin  beynəlxalq reytinqlərdə irəliləməsi də istisna olunmur, həmçinin Azərbaycanın Qlobal Rəqabətlilik İndeksində “İnstitutlar”, ”Səhiyyə və İbtidai təhsil”, “Əmtəə bazarının effektivliyi” adlı indikatorları üzrə mövqelərinin yaxşılaşdırılmasına dolayısı ilə təsir edəcək.