Cəmiyyət

“Caspian Ecology 2017” sərgisində 7 ölkədən 53 şirkət iştirak edəcək

13-11-2017 | 14:33        

  

Noyabrın 13-də “Trend” Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində noyabrın 14-dən 16-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology 2017” sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri Rasim Səttərzadə, “Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov və sərgi meneceri Jalə Məmmədova çıxış ediblər. Mətbuat konfransı zamanı kütləvi informasiya vasitələrinin nümayəndələrinə sərgi ilə bağlı, həmçinin xarici iştirakçıların təqdim etdiyi yeniliklər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir. “Caspian Ecology 2017” sərgisi ETSN, eləcə də IDEA İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.

Cari ildə sərgidə dünyanın 7 ölkəsindən 53 şirkət iştirak edir. Onların arasında Azərbaycanla yanaşı, Almaniya, Böyük Britaniya, İsrail və digər ölkələr var. Sərgidə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, həmçinin AZƏRSU, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi kimi dövlət qurumları iştirak edəcəklər. Sərgidə həmçinin BP, SOCAR, HAZARDOUS WASTES, POLYMART, RETRO Holding, SOCAR Polymer, ODIS FILTERING LTD kimi iri şirkətlər öz xidmət və məhsullarını təqdim edəcəklər.

Ümumilikdə, “Caspian Ecology 2017”-də təbii resurslardan səmərəli istifadə sahəsində ən son məhsullar, bərk tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsulları nümayiş etdiriləcək.

İlk dəfə olaraq “Caspian Ecology 2017” sərgisi çərçivəsində təşkilatçılar tərəfindən “Funksional Ekologiya və Ətraf mühit” mövzusunda konfrans keçiriləcək. Konfransda “Su ehtiyatlarının mühafizəsi və səmərəli idarə olunması”, “Su təsərrüfatında enerji effektivliyi və ekoloji cəhətdən təmiz texnologiyaların inkişafı”, “Təmiz Şəhər” ASC-nin fəaliyyəti”, “Davamlı inkişaf prinsipləri çərçivəsində ətraf mühitin idarə olunması”, “Ətraf mühitin mühafizəsi məqsədilə “yaşıl iqtisadiyyat” prinsiplərinin tətbiqi”, “Atmosferin çirklənməsində nəqliyyat vasitələrinin yeri”, “Qlobal İstiləşmə” kimi bölgədəki ən mühüm ekoloji məsələlərə toxunulacaq.

Beləliklə, Beynəlxalq “Caspian Ecology 2017” sərgisi işgüzar əlaqələrin genişləndirilməsi, habelə sənayedəki yeniliklərlə tanışlığa imkan yaratmaqla yanaşı, ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə də əlavə təkan verəcək.