Mədəniyyət

Şərəfli yol: Azərbaycan Radiosu - 91, Azərbaycan Televiziyası - 61

06-11-2017 | 15:48        

  

Dövlət Akademik  Opera  və  Balet Teatrında Azərbaycan Radiosunun 91,  Azərbaycan Televiziyasının 61 illiyinə, həmçinin 6 Noyabr-Azərbaycan Teleradiousu gününə həsr olunan mərasim keçirilib.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin kollektivini təbrik etməyə gələnlər arasında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyətin təmsilçiləri və digər nüfuzlu qonaqlar var idi.

Teatrın foyesində Azərbaycan Radiosu və Televiziyasının keçdiyi tarixi və şərəfli yolu əks etdirən fotostendlə tanışlıq oldu. Azərbaycan Radiosu və Televiziyasına aid müxtəlif avadanlıqlar da maraqla qarşılandı.

Təntənəli mərasim Xalq Çalğı Alətləri Orkestrinin ifasında Müslüm Maqomayevin bəstəsi olan “Radio marşı” ilə başladı. Qonaqları salamlayan Azərbaycan Televiziyasının aparıcıları milli radio və televiziyamızın keçdiyi tarixi yola nəzər saldılar.

Qeyd olundu ki, 91 il əvvəl-1926-cı ilin 6 noyabr tarixində “Danışır Bakı” kəlməsi ilə Azərbaycan Radiosunun fəaliyyətə başlaması tarixi hadisə olmaqla şərəfli yolun əsasını qoydu. 30 il sonra ona qoşulan Azərbaycan Televiziyası xalqımızın həyatında, milli mədəniyyət tarixində mühüm rol oynadı, vətənimizə, xalqımıza şərəfli xidmət etdi.

Milli radio və televiziyamız xüsusən müstəqillik illərində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin, milli maraqların, zəngin mədəniyyətimizin yorulmaz təbliğatçısı olub.

91 il əvvəl yaranan milli radio, 61 il əvvəl yaranan ana televiziyamız bu gün gəncləşir və müasirləşir. Bununla yanaşı, həm radiomuzda, həm də televiziyamızda yaşlı nəslin nümayəndələrinin - peşəkarların təcrübəsindən geniş istifadə olunmaqla müasir çağırışların tələblərinə uyğun yaradıcı mühit yaranıb.

Tədbirdə Azərbaycan Televiziyasının istehsal etdiyi məşhur film və tamaşalardan səhnəciklər qonaqlara mənəvi zövq yaşatdı, onları zaman keçidi ilə bir neçə on illik əvvələ apardı. 

Nəriman Nərimanovun “Şamdan bəy” adlı əsəri əsasında rejissor Rauf Kazımovskinin quruluş verdiyi ilk teletamaşa 1956-cı il mayın 10-da canlı olaraq tamaşaçılara təqdim edilib. Bununla da Azərbaycan Televiziyası böyük bir mədəniyyət yoluna start verdi. İndi Azərbaycan Televiziyasının qızıl fondunda 100-lərlə uğurlu teletamaşa qorunub saxlanır.

Bildirildi ki, Azərbaycanın Birinci vitse-Prezidenti  Mehriban Əliyevanın irəli sürdüyü, onun ideya müəllifliyi ilə həyata keçirilən Beynəlxalq və yerli muğam müsabiqələri milli mədəniyyətimizə böyük töfhələr verir. 2009-cu ildən efirə çıxan “İdman-Azərbaycan”, 2010-cu ilin 14 fevralında efirə çıxan “Mədəniyyət” kanalları da uğurlu fəaliyyəti göstərir. Bu gün “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin Səsyazma evində 11 musiqi kollektivi fəaliyyət göstərir.

Onu da deyək ki, Azərbaycan Radio və Televiziyasının layihələri bir sıra beynəlxalq mükafatlara layiq görülüb. Ancaq yaradıcı kollektivin ən böyük mükafatı ulu öndərin fəaliyyətimizə verdiyi qiymət, dövlət başçısının göstərdiyi diqqət və xalqımızın sevgisidir.