Analitika

Tarixi İpək Yolunun bərpası Azərbaycana nə verəcək?

06-11-2017 | 08:01        

  

Azərbaycan tarixi İpək Yolunun bərpasına yönəlmiş Bakı-Tbilisi-Qars tranzit xəttini qəbul etməklə mühüm beynəlxalq rola da sahiblənmiş oldu. Hazırda Avropa Birliyi və Şərqi Asiya ölkələri, xüsusilə Çin arasındakı yükdaşımalar şimaldan Transsibir dəmir yolu vasitəsilə Rusiya ərazisindən keçməklə, cənubdan isə Hind okeanı-Süveyş kanalı dəniz yolu vasitəsilə daşınır. Şimal dəmir yolu marşrutu əsasən siyasi cəhətdən riskli hesab olunurdu. Cənub dəniz yolu marşrutu isə xeyli vaxt tələb etdiyindən ticarətin artan dinamikliyinə cavab verə bilmir.

Dünya üzrə avtomobil yolları ilə daşınan yüklərin 2030-cu ilə qədər 30 faizinin, 2050-ci ilə qədər isə 50 faizinin dəmir yolları üzərinə keçirilməsi proqnozlaşdırılır. 2050-ci ildə 2005-ci ilə nisbətən dəmir yolu ilə daşımaların 87 faiz artması gözlənilir. Məhz bu kontekstdə Avrasiya məkanında daha qısa, siyasi cəhətdən sabit və bütün bölgələrin inkişafına təkan verəcək bir marşruta ehtiyac yaranmışdı.

Hələ 1998-ci ildə, 7-8 sentyabr tarixlərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna) dövlət başçısı, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilmiş, Avropa İttifaqının TRASECA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli Saziş” imzalanmış və Bakı Bəyannaməsi qəbul edilmişdi.

Saziş 12 dövlətin - Azərbaycan, Gürcüstan, Ermənistan, Bolqarıstan, Rumıniya, Moldova, Ukrayna, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkiyənin dövlət və hökumət başçıları tərəfindən imzalanmışdır. Bakı Bəyannaməsi Bakı-Tbilisi-Qars layihəsinin siyasi özəyini təşkil edirdi.

***

Azərbaycan ərazisindən keçən tranzit marşrutlar daha çox iqtisadi potensiala malikdir. Bu sahədə görülən işlər son illərdə ölkəmizin regionda nəqliyyat-logistika qovşağına çevrilməsinə töhfə verib. Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi də göstərir ki, Azərbaycan hökumətinin bu istiqamətdə gələcək hədəfləri göstərən konkret siyasəti var. Bu hədəflər regional tranzit yüklərin cəlb edilməsi ilə yanaşı, həmin yüklər üzərində əlavə dəyərin yaradılmasına nail olmaq, regionda bu sahə üzrə daha cəlbedici ölkə olmaq və mühüm qovşağa çevrilməkdir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin timsalında reallıq ölkəmizin bu hədəflərə doğru inamla irəlilədiyini göstərir.

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin tikintisinin başa çatması isə Azərbaycanın tranzit imkanlarını daha da artıracaq. Bu dəmir yolu xəttinin istismara verilməsi ilk növbədə tarixi İpək yolunun bərpası istiqamətində indiyədək atılan ən mühüm addımdır. Çünki BTQ dəmir yolu xətti ilə Çindən Avropaya və əksinə yükdaşımaları zamanı vaxt itkisinin, eyni zamanda əlavə maliyyə sərfinin qarşısı xeyli alınacaq.

Hazırda Çindən Avropaya gedən yükün həcmi 240 milyon tondan çoxdur. Ölkələrimizdən keçən “Orta dəhliz”lə bu yükün 10 faizi daşınarsa, bu, 24 milyon ton əlavə yük daşınması deməkdir. Layihə siyasi cəhətdən sülh, təhlükəsizlik və sabitlik, sosial baxımdan rifah gətirəcək, yük və sərnişin daşınması ilə yanaşı, məlumat mübadiləsi ilə də qlobal inkişafa töhfə verəcək.

Proqnozlara görə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə üçüncü istismar ilində 3-5 milyon, beşinci istismar ilində 6-8 milyon, bundan sonra isə 17 milyon ton yük və ildə 3 milyon sərnişin daşınacaq. Bu dəmir yolu xəttinin işə düşməsi sayəsində Azərbaycan, Gürcüstan və Türkiyə mühüm tranzit qovşağına çevrilir. Çin artıq bu xəttə böyük maraq göstərir, çünki bu dəmir yolu xətti Transavropa və Transasiya dəmir yolu şəbəkələrinin birləşməsində çatışmayan bağlantını tamamlamaqla Avropa ilə Asiya arasında daşımalarda yekun bənd kimi çıxış edir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır, Azərbaycana Gürcüstan ərazisindən keçməklə Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsinə sahib olmağa imkan verir. Gələcəkdə Qarsdan Naxçıvana ayrıca dəmir yolu xəttinin çəkilməsinin nəzərdə tutulması isə muxtar respublikanın Ermənistanın blokadasından çıxarılmasına və onun nəqliyyat müstəqilliyinin təmin edilməsinə səbəb olacaq. Avropa ilə Asiyanı birləşdirən və dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı, Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı əlaqələrin strateji təzahürünü bütün dünyaya nümayiş etdirir.

Azərbaycan heç bir sahədə təkistiqamətli siyasət həyata keçirmir. BTQ xəttinin açılışından iki gün sonra - noyabrın 1-də Tehranda keçirilən Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşündə isə bütün digər məsələlərlə yanaşı “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin qurulması istiqamətində də müzakirələr aparıldı.

Hər halda, onu da qeyd etmək lazımdır ki, bu xətlər birmənalı şəkildə bir-birinə mane olan, rəqib ola biləcək layihələr deyillər. Bu, layihənin dəyərini bir qədər də artırır, onun daha çevik reallaşmasına inam yaradır.