Digər

NHK telekanalı Bakıda keçirilən “JAPAN EXPO-2017” sərgisi haqqında xüsusi veriliş yayımlayıb

03-11-2017 | 09:07        

  

Yaponiyanın NHK telekanalı Bakıda keçirilən “JAPAN EXPO-2017” sərgisi haqqında xüsusi veriliş yayımlayıb.

Verilişdə Azərbaycanın əldə etdiyi iqtisadi uğurlardan danışılır. Bildirilir ki, karbohidrogen ehtiyatlarının hasilatından əldə edilən gəlirlərin ölkənin inkişafına uğurla yönəldilməsi nəticəsində Azərbaycan sürətli və modern inkişafa nail olub. Məhz bu inkişaf yapon iş adamlarının diqqətini Azərbaycana cəlb edib.

“Cross Border Club” şirkətinin təşkilatçılığı ilə oktyabrın 27-28-də Bakı Biznes Mərkəzində “Japan Expo-2017” yapon məhsulları sərgisi təşkil edilib. Sərgidə əsasən, Yaponiyanın prefekturalarından gətirilən qida və içkilər, kosmetik vasitələr, suvenirlər, mətbəx avadanlığı və digər məhsullar azərbaycanlı ziyarətçilərə təqdim olunub.

Verilişdə sərgi zamanı yapon milli içkisi olan sakeyə böyük marağın olduğu xüsusi vurğulanıb. Bildirilib ki, yerli əhalinin alıcılıq qabiliyyətinin yüksək olması yapon içkilərinin Azərbaycan bazarında yer tutacağını deməyə əsas verir. Məmnuniyyətlə yapon qida məhsullarının, içkilərin tamına baxan yerli sakinlər onların spesifikliyi ilə fərqləndiyini qeyd ediblər. Onların bir çoxu sərgi zamanı satışa çıxarılan məhsulları böyük məmnuniyyətlə alıblar.

Qeyd olunub ki, sərgidə azərbaycanlı iş adamları ilə aparılan danışıqlar zamanı bəzi yapon məhsullarının Bakıdakı marketlərdə satışının təşkili barədə razılıq da əldə edilib.

Verilişdə sərgi iştirakçısı olan “Mindo” şirkətinin rəhbəri Takuya Satonun sözləri də sitat gətirilir: “Bəzi Azərbaycan şirkətlərinin onlara məxsus marketlər şəbəkəsində “Yapon guşəsi” yaratmaq təklifi bizim tərəfimizdən böyük marağa səbəb oldu. Düşünürəm ki, Azərbaycan bazarının araşdırılması istiqamətində davam edəcək birgə fəaliyyətimiz yapon məhsullarının yaxın gələcəkdə bu ölkənin marketlərində özünə yer etməsi ilə nəticələnəcək”.