İqtisadiyyat

İkinci “Bakı Shopping Festival” çərçivəsində ticarət mərkəzlərində lotereyalar təqdim edilir

01-11-2017 | 11:18        

  

İkinci Bakı Şoping Festivalı müştərilərinə yeni imkanlar təklif edir. Artıq festivalın iştirakçı mağazalarından edilən hər 100 manatdan çox alış-verişlərdə “Festival Sürprizləri” adlı lotereyada iştirak haqqı qazanmaq mümkün olacaq. Belə ki, vergi hesab fakturasını Baku Şoping Festivalının “Məlumat Masası”-na tədqim etməklə lotereya bileti əldə edilir. 100 manatdan 500 manatadək alış-veriş edənə 1 bilet, 500 manatdan artıq alış-veriş edənə isə 2 bilet təqdim olunur. Biletlərin əvəzində dəyərli uduşlar qazanmaq imkanı var. Bakı Şoping Festivalının təklif etdiyi imkanları xarici politoloqlar da yüksək qiymətləndirirlər. Azərbaycan hökuməti ölkədə turizmin inkişafı üçün çox müsbət addımlar atır. Bütün bunlar iqtisadiyyatın diversifikasiyası çərçivəsində baş verir. Bakı Şopinq Festivalı da Azərbaycanda bu istiqamətdə atılan ən mühüm addımlardandır. Bu fikirləri İsrailin Bakıdakı səfiri Dan Stav bildirib. Bakının artıq Formula-1, İslam Həmrəyliyi Oyunları və Birinci Avropa Oyunlarından sonra kifayət qədər tanındığını deyən diplomat vurğulayıb ki, Festival Bakını turistlərə tanıtmaq üçün ən mühüm vasitələrdəndir. İdeya baxımından da festival çox müsbətdir, çünki bu, bir çox biznes növlərinə – yaşayış obyektlərinə, restoranlara, nəqliyyat xidmətlərinə öz töhfəsini verəcək. Səfir qeyd edib ki, Festival müddətində daha çox iş yerləri yaranacaq. Qazaxıstanlı politoloq  Karlıqaş Nuqmanova Bakı Şopinq Festivalının təşkilini çox möhtəşəm ideya adlandırıb. Onun sözlərinə görə, bu cür festivalların keçirilməsi ölkənin turizm imkanlarının artırılmasında böyük əhəmiyyət kəsb edir. Politoloq festival çərçivəsində Qazaxıstan sakinləri üçün nəzərdə tutulan güzəştli turlardan da danışıb. Bildirib ki, qazaxıstanlı turistlər üçün bu cür turların təşkili ölkəyə turistlərin cəlbinə səbəb olacaq, həmçinin Qazaxıstan sakinləri onlar üçün yaradılan bu fürsətdən istifadə edəcəklər. Qeyd edək ki, AZAL və Azərbaycan Konqreslər Birliyinin birgə təşkilatçılığı ilə 10 şəhərdən Azərbaycana sərfəli turlar təşkil olunur. Qazaxıstandan təşkil olunan tur-paketə Aktau-Bakı istiqamətində birbaşa uçuş bileti, transfer, oteldə qalma, səhər yeməyi və festival iştirakçısı olan mağazalara və restoranlara turlar daxil edilib. Festival çərçivəsində alış-veriş etdiyini deyən Türkiyənin məşhur televiziya aparıcısı Özge Uzun böyük zövqlə bu həyəcanı yaşadığını bildirib. Diqqətə çatdırıb ki, Bakı Şopinq Festivalına daxil olan mağazalarda qiymətlər çox münasib, çeşid isə rəngarəngdir. Aparıcı Türkiyədəki dostlarını da Bakıya dəvət edir, həm gəlib alış-veriş etsinlər, həm də Bakının gözəlliyini görsünlər.