Xarici xəbərlər

Barselonada Kataloniyanın müstəqilliyi əleyhinə nümayiş keçirilib

30-10-2017 | 10:55        

  

İspaniyanın Kataloniya regionunun müstəqilliyi əleyhdarları Barselonada kütləvi nümayiş keçiriblər. Aksiya iştirakçıları regional hökuməti müstəqillik bəyannaməsindən imtina etməyə çağırıblar. Bir qrup etirazçı ilə polis arasında toqquşmalar baş verib. Polis aksiyada 300 000 nəfərin iştirak etdiyini bildirsə də, təşkilatçılar bu rəqəmin bir milyondan çox olduğunu iddia edir.

Qeyd edək ki, oktyabrın 27-də Kataloniya parlamenti birtərəfli qaydada muxtar regionun İspaniyadan ayrıldığını elan edib. Buna cavab olaraq İspaniya Senatı regional administrasiya və parlamentin buraxılmasını nəzərdə tutan konstitusiyanın 155-ci maddəsinin tətbiqi ilə bağlı səsvermə keçirib. Senatın 214 üzvü sözügedən maddənin tətbiqinin lehinə, 47 üzvü əleyhinə səs verib. Kataloniya regional hökumətinin rəhbəri Karles Puçdemonun səlahiyyətlərinə xitam verilib. Bu posta İspaniya baş nazirinin müavini Soraya Saens de Santamariya təyin edilib.

Hökumətin qəbul etdiyi qərara əsasən dekabrın 21-də Kataloniyada növbədənkənar parlament seçkiləri keçiriləcək. Mərkəzi hökumət  Kataloniyanın sabiq rəhbəri Karlos Puçdemona siyasi karyerasını davam etdirməyi və seçkilərdə iştirak etməyi təklif edib. Puçdemon öz növbəsində birbaşa idarəçiliyin tətbiqi qərarına qarşı çıxdığını, azad ölkənin yaradılması istiqamətində işi davam etdirəcəyini bəyan edib.