İqtisadiyyat

TRT HABER: Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək yolunun polad magistrallar üzərində bərpasıdır

30-10-2017 | 09:16        

  

Türkiyənin nüfuzlu TRT HABER televiziya kanalı istifadəyə hazır vəziyyətdə olan Bakı-Tbilisi-Qars dəmir yolunun tarixi əhəmiyyəti barədə geniş reportaj yayıb. Reportajda diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu iqtisadi layihənin gerçəkləməsi naminə qətiyyətli siyasi iradə nümayiş etdiriblər.

Oktyabrın 29-da axşam saatlarında efirə gedən reportajda Bakı-Tbilisi-Qars dəmir yolu xəttini gerçəkləşdirən amillər, onun tikintisinə böyük məbləğdə maliyyə vəsaitinin sərf olunması, yolun üstünlükləri, yaratdığı yeni perspektivlər və s. məqamlardan bəhs olunub. Qeyd olunub ki, Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək yolunun polad magistrallar üzərində bərpasıdır. Açılışı Azərbaycanda nəzərdə tutulan Bakı-Tbilisi-Qars özlüyündə böyük bir coğrafiyada yerləşən dövlətlərə beynəlxalq tranzit ölkə statusu qazandırır və yaxud bu statusu daha da genişləndirir. Bu dəmir yolu ilk növbədə yük daşımalarındakı intensivliyi artıracaq.

Diqqətə çatdırılıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasimində çox sayda dövlət və hökumət rəhbərlərinin və nümayəndəsinin, həmçinin nüfuzlu beynəlxalq şirkət təmsilçilərinin qatılması gözlənilir ki, bu da təqdim olunan layihənin beynəlxalq əhəmiyyətinin göstəricisidir.

Reportajda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təməlqoyma mərasimi, tikinti prosesi, onun indiki vəziyyəti və bu xəttin giriş və çıxış nöqtələrindəki digər təyinatlı beynəlxalq əhəmiyyətli nəqliyyat strukturlarını əks etdirən kadrlar nümayiş olunub.