Rəsmi xronika

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının prezidenti M.K.Reylə görüşüb

27-01-2011 | 18:26        

  

Prezident İlham Əliyev yanvarın 27-də Davosda İsveçrə Konfederasiyasının prezidenti xanım Mişelin Kalmi Reylə görüşüb.

İsveçrə Konfederasiyasının prezidenti xanım Mişelin Kalmi Rey  Azərbaycanla enerji sahəsində əməkdaşlığın ölkəsi üçün önəmini qeyd edib. O, İsveçrənin Azərbaycanın müvafiq qurumları ilə uğurlu əməkdaşlıq etdiyini vurğulayaraq Azərbaycanın ölkəsi üçün vacib tərəfdaş olduğunu bildirib. Xanım Mişelin Kalmi Rey Cənub dəhlizinin inkişafında Azərbaycanın rolunu xüsusi vurğulayaraq İsveçrənin Transadriatik boru kəmərinə maraq göstərdiyini və bu layihəni dəstəklədiklərini diqqətə çatdırıb.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev Azərbaycanın Cənub dəhlizinə daxil olan layihələri, o cümlədən Transadriatik boru kəməri layihəsinə də ölkəmizin dəstək verdiyini bildirib. Dövlətimizin başçısı enerji sahəsində Avropa İttifaqı ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini deyib və İsveçrənin Cənub dəhlizi layihələrinə maraq göstərməsindən razılığını bildirib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb