İqtisadiyyat

TAP layihəsinin Yunanıstan və Albaniya marşrutunda boruların 75 faizinin xətt boyunca düzülüşü başa çatdırılıb

26-10-2017 | 10:03        

  

Ötən ilin may ayında Yunanıstanın Saloniki şəhərində təməli qoyulan Trans-Adriatik qaz boru xətti -  TAP layihəsinin inşası qrafikə uyğun davam etdirilir. Artıq layihənin 57 faizi icra edilib. Tikintidə istifadə olunacaq boruların hamısı Yunanıstan, Albaniya və İtaliyaya çatdırılıb. Hazırda TAP-ın keçdiyi ölkələrdə ümumilikdə 5 min 500 nəfər işçi çalışır.  Boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində boruların 75 faizi xətt boyunca düzülüb. Ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan TAP-ın ilkin layihəsi üzrə Yunanıstanın şərqində - Kipoidə, həmçinin, Albaniyanın qərbində - Fierdə olmaqla ümumilikdə iki kompressor stansiyasının tikintisi davam etdirilir. Albaniyanın Bilişt regionuna yaxın ərazidə ölçmə stansiyasının inşası aparılır. TAP-ın tikintisi çərçivəsində Kipoidəki kompressor stansiyasında quraşdırılacaq ilk turbo kompressorları artıq Yunanıstana çatdırılıb. Qeyd edək ki, TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin bir seqmentini təşkil edir. Şahdəniz qazını Avropaya çatdıracaq layihənin ümumi dəyəri 4,5 milyard avrodur. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır. Bu ilin ilk rübündə layihə üzrə kompressor stansiyalarının tikintisinə də başlanılacaq. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.