Digər

İsrail mətbuatı II “Baku Shopping Festivalı”ndan yazıb

26-10-2017 | 09:58        

  

İsrailin nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində Bakı Şopinq Festivalı haqqına geniş məqalə dərc edilib. Tanınmış jurnalist Arye Qutun müəllifi olduğu məqalədə qeyd olunur ki, bu ilin aprel-may aylarında keçirilən ilk festivalın nəticəsi kifayət qədər uğurlu olub. Belə ki, yalnız aprel ayı ərzində ölkəyə 187,577 turist gəlib, festivalın keçirilməsindən isə dövlət büdcəsinə 5,6 milyon manat vəsait daxil olub.

Bu barədə Azərbaycan Konqreslər Bürosundan məlumat verilib.

Müəllif yazır ki, ikinci festival isə öz yenilikləri ilə yadda qalacaq və ölkəyə daha çox turist cəlb edəcək. AZAL və Azərbaycan Konqreslər Bürosunun birgə təşkilatçılığı ilə Azərbaycana ucuz turpaketlərin təşkili məhz buna hesablanıb. Hazırda bu kampaniya çərçivəsində dünyanın 10 şəhərindən Bakıya bazar qiymətinə nisbətən daha münasib qiymətlərlə tur-paketlər təklif edilir. Bu turpaketlərlə ölkəyə səfər edənlər festival müddətində etdikləri alış-verişin ƏDV-nin bir qismini geri almaqla yanaşı, həm də təşkil olunacaq müxtəlif daxili turlar sayəsində öz istirahətlərini daha da maraqlı edə bilərlər.

Qəzetdə qeyd edilir ki, adı çəkilən turlara sığorta, transfer, şopinq turlarda iştirak da daxildir. Turistlərə təklif olunan imkanlar arasında onlara verilən hədiyyələr də xüsusilə maraqlıdır. Belə ki, alış-verişin stimullaşdırılması üçün yalnız turistlər üçün hədiyyə kartları təklif ediləcək ki, həmin kartlar vasitəsilə Festival iştirakçısı olan bəzi mağazalarda minimum 10 faiz endirim əldə etmək mümkün olacaq. İstifadə edilməyən hədiyyə kartları isə festivalın sonuna qədər turizm şirkətinə geri qaytarıla bilər.

Müəllif sonda israilli turistləri də bu imkandan yararlanmağa və Bakı Şopinq Festivalına qatılmağa dəvət edir.