Analitika

2017-ci ildəki iqtisadi artım növbəti il üçün möhkəm baza formalaşdırır

23-10-2017 | 14:42        

  

Ölkə iqtisadiyyatının ayrı-ayrı istiqamətləri üzrə statistikasının təhlili göstərir ki, 2017-ci il ölkəmiz üçün artım ili kimi xarakterizə oluna bilər. İlin geridə qalan dövrü ərzində iqtisadiyyatın bütün sahələri dinamik inkişaf edib, qarşıya qoyulmuş, dövlət proqramlarında müəyyən edilmiş işlər, layihələr tam həcmdə yerinə yetirilib.


Təhlillər növbəti il üçün daha nikbin proqnozlara əsas verir. İqtisadiyyat Nazirliyi tərəfindən 2018-ci il və sonrakı 3 il üzrə hazırlanmış ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən gələn il ölkədə ÜDM-in real ifadədə artımı 1,5 faiz olmaqla 69,4 milyard manat təşkil edəcək.

Bu barədə 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd edilib.

Sənəddə deyilir ki, qeyri-neft sektorunda ÜDM real ifadədə 2,9 faiz artaraq 47,6 milyard manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 83 faiz həcmində nəzərdə tutulur.

2018-ci ildə əsas kapitala yönəldiləcək investisiyaların həcmi 15,9 milyard manat proqnozlaşdırılır ki, bunun da 51,5 faizi daxili investisiyaların, 48,5 faizi isə xarici investisiyaların payına düşür.

Ümumi investisiyaların 9,5 milyard manatının qeyri-neft sektoruna, 6,4 milyard manatının isə neft sektoruna yönəldilməsi nəzərdə tutulur. 2018-ci ildə qeyri-dövlət investisiyalarının həcmi 9,1 milyard manat olmaqla, ümumi investisiyaların 57,2 faizini, dövlət investisiyalarının həcmi 6,8 milyard manat olmaqla, ümumi investisiyaların 42,8 faizini təşkil edəcəyi proqnoz edilir.

Növbəti ildə orta aylıq əməkhaqqının ötən illə müqayisədə real ifadədə 0,5 faiz artaraq 549,7 manat olacağı proqnozlaşdırılır.

***

Bir sıra istiqamətlər üzrə artım dinamikasını nəzərdən keçirək.

2017-ci ilin yanvar-sentyabr aylarında sənaye istehsalı

2017-ci ilin yanvar-sentyabr aylarında ölkədə 28,3 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,1 faiz artmış, neft sektorunda isə 6,6 faiz azalmışdır.

Sənaye məhsulunun 70,2 faizi mədənçıxarma sektorunda, 24,6 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 8,0 faiz, əmtəəlik qaz hasilatı isə 3,4 faiz azalmışdır.

Emal sektorunda qida məhsullarının istehsalı 0,7 faiz, içkilərin istehsalı 26,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 73,8 faiz, geyim istehsalı 37,9 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 51,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 18,1 faiz, əczaçılıq məhsullarının istehsalı 2,4 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 85,2 faiz, tikinti materiallarının istehsalı 29,3 faiz, kompüter və elektron məhsulların istehsalı 35,0 faiz, elektrik avadanlıqlarının istehsalı 65,7 faiz, maşın və avadanlıqların istehsalı 27,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 23,7 faiz, mebel istehsalı 16,6 faiz artmış, tütün məmulatlarının istehsalı 12,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 21,3 faiz, kağız və karton istehsalı 1,4 faiz, poliqrafiya məhsullarının istehsalı 38,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 13,7 faiz, hazır metal məmulatlarının istehsalı 26,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri isə 49,1 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,2 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,0 faiz azalmışdır.

Pərakəndə ticarət dövriyyəsi

2017-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,1 faiz üstələyərək 24,8 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 12,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12,2 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-sentyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,4 faiz və 2,9 faiz üstələmişdir.

İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı

2017-ci il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1526,3 min nəfər olmuş, onlardan 875,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda,      650,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 21,5 faizi təhsil, 19,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,5 faizi maliyyə və sığorta fəaliyyəti, 10,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2017-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,4 faiz artaraq 524,7 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.

Ödənişli xidmətlərin dəyəri 0,8 faiz artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2016-cı ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,8 faiz artaraq 5979,4 milyon manat olub.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, hüquqi şəxslər tərəfindən əhaliyə 4386,0 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,4 faizini təşkil edib.

Cari ilin yanvar-sentyabr ayları ərzində hər bir ölkə sakini orta hesabla 615,0 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 52,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Vüsal Məmmədov