Xarici xəbərlər

Ermənistanda taksi sürücüləri tətilə başlayıblar

19-10-2017 | 12:20        

  

Ermənistanda taksi sürücüləri polis özbaşınalığına qarşı etiraz aksiyası keçirirlər. İrəvanda hökumət binası qarşısına toplaşan sürücülər nəqliyyat və rabitə naziri Vahan Martirosyanın, həmçinin baş nazir Karen Karapetyanın istefasını tələb edirlər. “Avtomobil sürücülərinin müdafiəsi liqası”nın sədri Tiqran Ovanisyan nazirlərin heç bir işlə məşğul olmadığını deyib. Bildirilir ki, şəhərdə bütün taksi sürücülərini cərimələyirlər. Bu, hətta qayda-qanuna riayət olunanlara belə şamil edilir. Ovanisyanın sözlərinə görə sonuncu aksiya zamanı nazir onlara bu məsələni parlamentdə qaldıracağına dair söz verib. Lakin vəziyyət daha pis həddə çatıb.  Ovanisyan deyib ki, nəqliyyat və rabitə naziri açıq-aydın bu sahəyə rəhbərlik edə bilmir və istefa verməlidir. Sürücülər cərimələrlə yanaşı martın 1-dən tətbiq olunan yeni nəqliyyat qaydalarına da qarşı çıxırlar.  Dəyişikliklərə görə, sarı rəngli dövlət nömrələri yenidən ağ rəngli nömrələrlə əvəz edilir, sürücülər isə hər ay 12 min dram ödəməli olurlar. Etirazçıların sözlərinə görə, bu məbləği ödəmək sadəcə olaraq mümkün deyil. Taksi xidməti direktoru Suren Mkrtçyan bildirib ki, bu sahədə sanksiyalar həddindən artıq çoxdur. Sürücülərin maddi vəziyyəti onsuz da aşağıdır. Sifarişlərin az olması onların işini bir qədər də çətinləşdirir. Ona görə də vəziyyətin düzəlməsi üçün tətili davam etdirməyə qərar veriblər.