Xarici xəbərlər

Tereza Mey: ““Breksit”lə bağlı istənilən ssenariyə hazır olmamaq məsuliyyətsizlik olardı”

19-10-2017 | 11:04        

  

Böyük Britaniya hökuməti “Breksit”lə bağlı bütün ssenarilərə, o cümlədən heç bir razılaşmanın əldə olunmamasına hazır olmalıdır. Bu sözləri parlamentin İcmalar Palatasında çıxışı zamanı baş nazir Tereza Mey bildirib. Hökumət başçısı qeyd edib ki, bütün mümkün ssenarilərə hazır olmamaq məsuliyyətsizlik olardı. Tereza Meyin sözlərinə görə danışıqlara Leyboristlərin və Şotlandiya Milli partiyasının mövqeyindən başlamaq olmaz. Baş nazir adıçəkilən partiyaların istənilən razılaşmanı, o cümlədən Britaniya iqtisadiyyatına ziyan vuracaq razılaşmanı qəbul etməyə hazır olduqlarını, hökumətin isə bunu etməyəcəyini bildirib. Hazırda “Breksit” üzrə danışıqlar prosesi faktiki olaraq dalana dirənib. Rəsmi London “Breksit”dən sonrakı keçid dövrü və ticari-iqtisadi əlaqələri müzakirə etmək istəyir. Brüssel isə Britaniyanın ittifaqdan çıxmağa görə ödəməli olduğu təzminatın həcminin dəqiqləşdirilməsində israrlıdır. Britaniya hökuməti 20 milyard avro ödəməyə razı olsa da, Avropa İttifaqı bu məbləğlə razılaşmır. Avropa Parlamentinin prezidenti Antonio Tayani “BBC”yə müsahibəsində bildirib ki, söhbət 50-60 milyard avrodan gedir. Razılığa gəlmək üçün tərəflərin bir ildən bir qədər çox vaxtı var.