Mədəniyyət

Bakıda V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu işə başlayıb

18-10-2017 | 14:19        

  

Oktyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumuna başlanılıb.

Bu nüfuzlu tədbir Prezident İlham Əliyevin “V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında” müvafiq Sərəncamına əsasən təşkil edilib.

Əvvəlcə qonaqlar mərkəzin foyesində xalçaçılıq sənətinə həsr edilmiş sərgi ilə tanış olublar.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan xalçasının dünyada təbliğinə böyük təkan verəcək simpozium haqqında ətraflı məlumat verib.

Qeyd edilib ki, V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun keçirilməsi ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə birgə müvafiq tədbirlər planı hazırlanıb.

Vurğulanıb ki, simpoziumun əsas tərəfdaşları İCOC (Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans) və 1978-ci ildən nəşr edilən, dünya xalçaçılıq sənətində gedən prosesləri işıqlandıran və geniş oxucu auditoriyasına malik olan “Halı” jurnalıdır.

Xalçaçılıq sahəsində əldə olunan uğurlardan söz açan nazir deyib ki, bu gün dünya mədəniyyətinin nailiyyətlərindən biri kimi YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edilmiş ənənəvi Azərbaycan xalça sənətinin beynəlxalq aləmdə təbliği istiqamətində müvafiq fəaliyyət uğurla davam etdirilir.

Simpoziumun dünya muzeylərində və dünya tekstil bazarında Azərbaycan xalçasının düzgün atribusiyasına əvəzedilməz töhfə verəcəyini deyən Ə.Qarayev bu önəmli tədbirin işinə elmi- tədqiqat institutlarının və muzeylərin aktiv cəlb edilməsinin vacibliyini vurğulayıb.

Bildirilib ki, simpoziumda 25-dək ölkəni təmsil edən xalçaçılıq sənətinin nümayəndəsi iştirak edir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.12.2018) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR