Xarici xəbərlər

Ermənistan əhalisinin sayı 2,5 milyon nəfərə qədər azala bilər

18-10-2017 | 09:51        

  

Ermənistan əhalisinin sayı 2035-ci ilə qədər 2,5 milyon nəfərə qədər azala bilər. Buna səbəb kimi, ölkədəki demoqrafik vəziyyət və miqrasiya problemləri göstərilir.

Belə bir bəyanatla BMT-nin Əhali Fondunun Ermənistan üzrə nümayəndəsi Qarik Ayrapetyan çıxış edib.

Fondun məlumatına görə, əgər ölkə əhalisinin artımı üçün doğuş sayının çoxalması və repatriasiya üçün müvafiq addımlar atılsa, 2035-ci ildə Ermənistan əhalisinin sayı 3,2 milyonadək arta bilər.

Ayrapetyanın sözlərinə görə, teoretik olaraq bu mümkün olsa da, praktiki cəhətdən çox çətindir.

Onun sözlərinə görə, Ermənistan prezidentinin 2040-cı ildə ölkə əhalisinin sayının 4 milyon nəfərə çatdırılması barədə bəyanatı da sadəcə ambisiyalı çıxış deyil, bu çox çətin əldə oluna biləcək bir məqsəddir.

O bildirib ki, Ermənistanın gəlirlərin bərabərsizliyi baxımından dünya ölkələri sırasında ilk onluqda qərarlaşması həmin məqsədin necə çətin olduğunu sübut edir.

Qeyd edək ki, rəsmi məlumatlara görə, hazırda Ermənistan əhalisinin sayı 3 milyondan bir qədər azdır.