İqtisadiyyat

“WorldBuild Baku 2017” sərgisində 23 ölkədən 300-dən çox şirkət iştirak edəcək

17-10-2017 | 13:35        

  

XXIII Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku 2017” sərgisində 23 ölkədən 300-dən çox şirkət iştirak edəcək.

Bunu oktyabrın 17-də Xəzəryanı regionun tikinti sektoruna həsr olunmuş XXIII Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku 2017” sərgisinin açılışı ilə bağlı keçirilən mətbuat konfransında "ITE Group " şirkətinin icraçı direktoru Edvard Stroon deyib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi bu il ilk dəfə olaraq “WorldBuild Baku 2017” sərgisini rəsmi olaraq dəstəkləyir.

Edvard Stroon bildirib ki, builki sərgidə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri və İran sərgidə öz milli pavilyonları ilə təmsil olunacaq. Bu ilin debütantı isə milli stendi ilə çıxış edən Polşadır. “WorldBuild Baku 2017” sərgisində debütantlar ilə yanaşı, yerli şirkətlər də “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullarını nümayiş etdirəcəklər.

Qeyd olunub ki, “WorldBuild Baku” sərgisi innovasiyalı məhsul və xidmətlərin yerli tikinti bazarına cəlb olunması üçün ən effektiv və səmərəli vasitələrdən biridir.

Sərgi təşkilatçıları Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin və digər qurumların birgə əməkdaşlığının Azərbaycanda tikinti sektorunun inkişafına öz töhfəsini verəcəyinə əminliklərini ifadə ediblər.

Sərgi oktyabrın 18-dən 21-nə kimi Bakı Ekspo Mərkəzində keçiriləcək.