Xarici xəbərlər

Ermənistanın Dilican milli parkında gözətçi məntəqələri yandırılıb

16-10-2017 | 11:22        

  

Ağır iqtisadi tənəzzüllə qarşı-qarşıya olan Ermənistanda enerji problemləri əyalətlərdə yaşayan vətəndaşların həyatını dözülməz edib. Təbii qazın olmadığı ərazilərlərin sakinləri alternativ yolu meşələri qırmaqda görürlər. Ermənistan kənd təsərrüfatı nazirliyi bunun  qarşısını almaq üçün bir müddət əvvəl cərimələri sərtləşdirib. Bu isə Tavuş rayonunun sakinlərinin etirazına səbəb olub. Qəzəblənən kəndlilər Dilican milli parkında gözətçi məntəqələrini yandırıblar. Ermənistan Baş prokurorluğu məsələ ilə bağlı cinayət işi açıb. Bildirilir ki, hadisəni törədənlər meşə mühafizəçilərinə hücum edib, onlara xəsarət yetiriblər. Bundan sonra Dilican milli parkında aksiya keçirən ekoloqlar hökuməti əhalinin istilik problemini həll etməyə çağırıb. Çünki, meşələr məhz bu səbəbdən talan olunur. 2014-cü ildə 134 fakt qeydə alınıbsa, 2017-ci ildə bu rəqəm 400-ə çatıb. Ekoloq Levon Qalctsyan Ermənistanın Kənd təsərrüfatı nazirliyini məsələyə etinasız yanaşmaqda ittiham edir. Onun sözlərinə görə meşələrə cavabdehilik daşıyan bu qurum onların mühafizəsini çox zəif təşkil edib. Evlərin isidilməsi üçün meşələrin qırılması isə çıxış yolu deyil. Çünki, ağaclar oduna çevrildikcə ekoloji tarazlıq pozulur. Nəticədə torpaq təbəqəsi sürüşməyə məruz qalır, quraqlıq baş verir.