Mədəniyyət

“DokuBaku” beynəlxalq sənədli film festivalının açılışı olub

13-10-2017 | 08:30        

  

Oktyabrın 12-də “Landmark”da Azərbaycanda ilk dəfə “DokuBaku” beynəlxalq sənədli film festivalının açılışı olub.

Festival İtaliya istehsalı olan "Fuocoammare" sənədli filmin nümayişi ilə açılıb. Filmdə İtaliyaya Yaxın Şərq və Afrika ölkələrindən gələn miqrantlardan bəhs olunur.

Xatırladaq ki, “Reallığı sınayaraq” devizi altında təşkil olunan festival iki hissədən - əsas və yerli rejissorlar üçün nəzərdə tutulmuş müsabiqə proqramından ibarətdir. Əsas proqram çərçivəsində tamaşaçılara 18 sənədli film təqdim ediləcək, rejissor və prodüserlər üçün ustad dərsləri təşkil olunacaq.

Yerli rejissorlar üçün müsabiqə proqramında isə son iki ildə çəkilən 15 qısametrajlı sənədli filmin nümayişi nəzərdə tutulur. Filmlər tanınmış yerli və xarici kino mütəxəssislərinin təmsil olunduğu münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Festivalda əsas məqsəd azərbaycanlı rejissorları sənədli filmlər yaratmağa və festivallarda iştirak etməyə sövq etmək, sənədli film janrının özəllikləri və müxtəlifliyini göstərmək və bu sahədə fikir mübadiləsi aparmaqdır.

Qeyd edək ki, oktyabrın 20-dək davam edəcək festivalın ideyası rejissor İmam Həsənov və prodüser Veronika Yanatkovaya məxsusdur.