İqtisadiyyat

“Sulutəpə dairəsi”ndən Biləcəri qəsəbəsi istiqamətində olan yolun təmirinə başlanılıb

05-10-2017 | 16:06        

  

Avtomobil yollarında, küçə və prospektlərdə vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci kilometrində, “Sulutəpə dairəsi”ndən Biləcəri qəsəbəsi istiqamətində olan yolun təmirinə başlanılıb.

ASC-nin mətbuat xidmətindən verilən məlumata əsasən, təmir işləri “Sulutəpə dairəsi”ndən Biləcəri qəsəbəsi istiqamətində təqribən 500 metrlik və Baş Dövlət Yol Polisinin stasionar postuna qədər olan 250 metrlik məsafəni əhatə edir. Ümumilikdə, təmir işlərinin aparıldığı sahə 17 min kvadratmetrə yaxındır.

Hazırda bəzi ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi məqsədilə işlər görülür. Daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Qeyd olunub ki, əraziyə lazımi sayda qüvvə cəlb olunub. İşlərin ümumi hərəkətə mane olmamaq şərti ilə qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.