Analitika

Strateji Yol Xəritəsi uğurla icra olunur

04-10-2017 | 11:11        

  

Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatları deməyə əsas verir ki, sənəd üzrə nəzərdə tutulmuş işlər ardıcıl və yüksək keyfiyyətlə icra olunmaqdadır.

Hesabatda göstərilir ki, "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə müəyyən edilmiş tədbirlərin 32 faizi icra olunub, 59 faizinin icrasına başlanılıb.

Sənəddə qeyd edilib ki, fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi, özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi üzrə tədbirlərin 33 faizi icra olunub, 67 faizinin icrasına başlanılıb, insan kapitalının inkişaf etdirilməsi üzrə tədbirlərin 46 faizi icra olunub, 36 faizinin icrasına başlanılıb, əlverişli biznes mühitinin inkişaf etdirilməsi üzrə tədbirlərin 13 faizi icra olunub, 75 faizinin isə icrasına başlanılıb.

"Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə müəyyən edilmiş tədbirlərin isə artıq 4 faizi icra olunub, 50 faizinin icrasına başlanılıb.

Sənəddə qeyd edilib ki, dinamik və sağlam institutlardan ibarət maliyyə sisteminin formalaşdırılması üzrə tədbirlərin 7 faizi icra olunub, 57 faizinin icrasına başlanılıb, maliyyə bazarlarının inkişafı üzrə tədbirlərin 8 faizi icra olunub, 62 faizinin icrasına başlanılıb, infrastrukturun gücləndirilməsi üzrə tədbirlərin 20 faizinin, tənzimləmə və nəzarət mexanizminin təkmilləşdirilməsi üzrə tədbirlərin 31 faizinin icrasına başlanılıb.

Xatırladaq ki, aparılan iqtisadi islahatlarda sistemliyi təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 16 mart tarixli Sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilmiş, habelə həmin istiqamətlərə müvafiq olaraq inkişaf planlarının işlənilməsini təmin etmək üçün müvafiq İşçi qrupu yaradılmışdı.

Həmin Sərəncama əsasən, İşçi qrupu yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların iştirakı ilə, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələrinin layihələrini hazırlayıb. Strateji yol xəritəsinin yazılmasında 400 nəfərə qədər xarici və yerli ekspert birbaşa iştirak edib. Bununla yanaşı, sənədin yazılması üçün 4 min nəfərlə 150-yə qədər görüş keçirilib. Yerli və xarici akademik dairələr, təhsil müəssisələri, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən 1 000-dən çox yazılı təklif verilib. Strateji yol xəritəsinin hazırlanmasında Nobel mükafatçılarından başlamış, Azərbaycanın sadə vətəndaşlarına qədər ən müxtəlif insanlarla müzakirələr aparılıb. Hətta on-line qaydada təkliflər verilməsi üçün də imkanlar yaradılıb. Aparılan inklüziv müzakirələr Strateji yol xəritəsinin həqiqətən də mükəmməl bir sənəd olmasını təmin edib.   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxış müəyyənləşib. Fərmana əsasən aşağıdakı istiqamətlər üzrə strateji yol xəritələri təsdiq edilib: Milli iqtisadiyyat perspektivi, neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafı, ixtisaslaşmış turizm sənayesinin inkişafı, logistika və ticarətin inkişafı, uyğun qiymətə mənzil təminatının inkişafı, peşə təhsili və təliminin inkişafı, maliyyə xidmətlərinin inkişafı, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı və kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafı.

Hazırda sözügedən sənəd uğurla icra olunmaqdadır. Proqramda nəzərdə tutulmuş işlərin bu tempdə həyata keçirilməsi təbii ki, nikbinliyə əsas verir. Görülən işlər qarşıda duran problemlərin həllinə xidmət edəcək, bütün istiqamətlər üzrə davamlı inkişaf üçün baza formalaşdıracaq, ölkəmizin ümumi inkişafına, daha yaxşı yaşayış rifahına səbəb olacaq.

Vüsal Məmmədov