İqtisadiyyat

“Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatı açıqlanıb

03-10-2017 | 09:53        

  

İqtisadiyyətin müxtəlif sahələrini əhatə edən «Strateji Yol Xəritəsi»nin yarımillik monitorinqi və qiymətləndirmə hesabatı açıqlanıb. Hesabatda “Strateji Yol Xəritələri”nin həyata keçirilməsi üçün cavabdeh 47 dövlət qurumunun fəaliyyət göstəriciləri əksini tapıb.

Bu ilin 6 ayı ərzində 16 qurum “ Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlərin 50 faizini icra edib. Ən yüksək icra göstəricisi 62 faizlə “Milli İqtisadiyyat perspektivi” üzrə əldə olunub. “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair”, eləcə də “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair” Strateji Yol Xəritəsində icra göstəricisi 27 faiz təşkil edir. Milli İqtisadiyyat Perspektivi, Kənd Təsərrüfatı məhsullarının istehsalı və emalı, Logistika və Ticarətin İnkişafı, Maliyyə Xidmətləri, Kommunal Xidmətlərinin inkişafına dair Streteji Yol Xəritələrinin icra göstəricilərini əks etdirən bu rəqəmlər “Strateji Yol Xəritəsi”nin ilk yarımillik monitorinqində və qiymətləndirmə hesabatında əksini tapıb.

Maliyyə Sabitliyi Şurası və “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılmasını nəzərdə tutan əlavə tədbirlər haqqında” ölkə başçısının tapşırığı ilə yaradılan komissiya isə üzərinə düşən işi yüz faiz icra edib. Sənəddə qeyd edilir ki, fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi, özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi üzrə tədbirlərin 33 faizi icra olunub, 67 faizinin icrasına başlanılıb, insan kapitalının inkişafı üzrə tədbirlərin 46 faizi icra olunub, 36 faizinin icrasına start verilib, əlverişli biznes mühitinin inkişaf etdirilməsi üzrə tədbirlərin 13 faizi icra olunub, 75 faizinin isə icrasına başlanılıb.

Beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin irəliləməsi isə ölkədə aparılan iqtisadi islahatların bəhrəsinin verdiyini sübut edir.