Mədəniyyət

Kitabxanaçıların ümumrespublika müşavirəsi keçirilib

28-09-2017 | 16:27        

  

Sentyabrın 28-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkə kitabxanaçılarının ümumrespublika müşavirəsi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər düzüblər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri qoyulub.

Sonra Şəhidlər xiyabanına gələn müşavirə iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, onların məzarları üstünə tər çiçəklər düzüblər.

Milli Kitabxanada davam etdirilən tədbirdə “Kitab, kitabxana və innovasiyalar” mövzusunda məruzə ilə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kitabxana sahəsinin daim dövlətin diqqət mərkəzində olduğunu deyib.

Nazir kitabxana sisteminin günün tələbləri səviyyəsində qurulması istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söz açıb.

Bildirilib ki, günün tələblərinə cavab verməyən, müasir texnologiyalardan bəhrələnməyən, yeni yanaşmalar tətbiq etməyən kitabxanaların bir çoxu artıq fəaliyyətini dayandırıb. Hazırda ölkədə 2 mindən çox kitabxana fəaliyyət göstərir. Məqsəd bu şəbəkənin insanların tələbatına cavab verən formada fəaliyyət göstərməsinə nail olmaqdır.

Kitabxanaları daha səmərəli fəaliyyət göstərməyə çağıran Ə.Qarayev vurğulayıb ki, yerlərdəki insanlar öz işlərini normal qura bilməsələr, kitabxanalar da getdikcə labüdlüyünü itirəcəkdir. Azərbaycanda kitabxanalar şəbəkəsi təkmilləşdirilməlidir. Kitabxanalar öz şəbəkələri hesabına bir-biriləri ilə əlaqələr qurmalıdır.

Nazir qeyd edib ki, bu gün kitabxanalar yeni formatda fəaliyyət göstərməli və insanların tələbatlarına cavab verməlidir. Yalnız bu halda onlar oxucu auditoriyalarını genişləndirə bilərlər. Əbülfəs Qarayev diqqətə çatdırıb ki, bu müşavirədə müzakirə olunacaq yeni təcrübə və yanaşmalar kitabxanaların iş üslublarının təkmilləşdirilməsinə təkan verəcəkdir.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Milli Kitabxana ilə birgə həyata keçirdiyi “Açıq kitabxana” layihəsinin və Bakıxanov qəsəbəsində yeni açılan “Kitabxana-asudə vaxt” mərkəzinin təqdimatları olub.

Sonra Respublika Kitabxana Kollektorunun direktoru Ələddin Əsədov, BDU-nun biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov, Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov və başqaları çıxış edərək son illər ölkəmizdə kitabxana işinin təşkili sahəsində əldə olunan nailiyyətlərdən söz açıblar.

Natiqlər ölkəmizin kitabxana-informasiya şəbəkəsində mühüm addımlar atıldığını, islahatlar aparıldığını, sahənin gələcəkdə sürətli inkişafına təminat verən əsaslar yaradıldığını bildiriblər.

Sonda iştirakçılar Milli Kitabxanada “Azərbaycan bu gün” kitab sərgisi ilə tanış olublar.