İqtisadiyyat

TANAP qaz boru kəmərinin dəniz hissəsinin tikintisinə başlanılıb

25-09-2017 | 15:21        

  

Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin tikinti işləri sürətlə davam edir. Artıq Trans-Anadolu qaz boru kəmərinin dəniz hissəsinin tikintisinə başlanılıb.

TANAP-ın Dardanel boğazından keçəcək 19 kilometr uzunluğundakı dəniz hissəsində işlər davam edir. Boruları dənizin dibinə endirmək üçün xüsusi təchiz olunmuş gəmi artıq işlərə başlayıb. TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib  ki, qoşa boru kəmərinin tikintisi layihə üzrə qrafikə uyğun aparılır. Asiya və Avropa qitələrində sahilboyu yerləşən tikinti meydançaları və ofislərin inşası artıq yekunlaşıb. Həmçinin quruda boru kəməri üzrə marşrut xətti müəyyən olunub. Bundan başqa, Asiya və Avropa qitələrində sahilboyu xəndəklər qazılıb, dənizin 8-25 metr dərinliyində kanalın qazılması başa çatıb. TANAP vasitəsilə Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün işlərin 87,8 faizi görülüb. 2018-ci il iyunun sonuna qədər Faza-0 çərçivəsində işlərin tamamlanması, Türkiyəyə Azərbaycan təbii qazının verilməsi planlaşdırılır. Faza-1 üzrə nəzərdə tutulan işlərin isə 59,6 faizi yekunlaşıb. Ümumilikdə, TANAP layihəsi çərçivəsində bütün işlərin təxminən 80 faizi icra olunub. Kəmərin tikintisində 9 min 500-dən çox işçi çalışır. Əlavə işlər və podratçılar da daxil olmaqla, boru kəmərinin inşasına 10 min 357 nəfər cəlb edilib.