Siyasət

Milli Məclisdə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair beynəlxalq konfrans keçirilir

22-09-2017 | 12:26        

  

Sentyabrın 22-də Milli Məclisdə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Konfrans Milli Məclisin, Avronest Parlament Assambleyasının (PA) sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyətləri komitəsinin, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandakı ofisinin birgə təşkilatçılığı ilə keçirilir.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov konfransı açaraq tədbirin əhəmiyyətini vurğulayıb.

Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Bahar Muradova ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətində görülən işlərdən danışıb, ölkəmizin bu sahədə bir sıra beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq etdiyini bildirib. Qeyd edib ki, Azərbaycan bu sahədə qarşıya qoyduğu məqsədlərə nail olmaq istiqamətində xeyli işlər görüb. Ölkəmizin bu sahədə təcrübəsi digər ölkələr üçün nümunə ola bilər.

Xarici işlər nazirinin müavini Xələf Xələfov gender bərabərliyinin insan hüquqlarının təmin edilməsində əsas şərtlərdən olduğunu deyib. Qeyd edib ki, Azərbaycanda bu sahədə görülən işlər ölkəmizdə gender məsələsinə göstərilən diqqətin təzahürüdür.