Cəmiyyət

Neftçilərin peşə bayramı təntənəli şəkildə qeyd edilib

20-09-2017 | 16:59        

  

Neftçilər peşə bayramlarını təntənəli mərasimlə qeyd ediblər.

Sentyabrın 20-də SOCAR-ın baş ofisində Neftçilər günü münasibətilə mərasim keçirilib. Əvvəlcə SOCAR-ın fəaliyyəti və qazandığı uğurlardan bəhs edilən videoçarx nümayiş etdirilib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev çoxminli neftçi ordusunu təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, “Əsrin müqaviləsi”nin ölkəmizin həyatındakı əhəmiyyətindən, neft-qaz sənayesində aparılan uğurlu islahatlardan, dövlət səviyyəsində neftçi əməyinə göstərilən yüksək diqqət və qayğıdan geniş söz açıb. Azərbaycanın bu sahədə qazandığı uğurların neftçilərin fədakar əməyindən, zəngin təcrübəsindən və peşəkarlığından qaynaqlandığını deyən SOCAR-ın prezidenti bildirib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb.

R.Abdullayev sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin əhəmiyyətindən bəhs edib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz isə şirkətin Azərbaycandakı 25 illik uğurlu fəaliyyətindən danışıb. O, BP-SOCAR əməkdaşlığının dərinləşdiyini və yüksələn xətlə inkişaf etdiyini deyib. Bildirib ki, “Azəri”, “Çıraq” və “Günəşli” üzrə imzalanan yeni saziş məhz bu səmərəli əməkdaşlığın bəhrəsidir.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə şirkətin kollektivini Neftçilər günü münasibətilə təbrik edib, fədakar neftçilərin əməyini yüksək qiymətləndirib. Akademik Azərbaycan iqtisadiyyatının inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış yeni neft strategiyasının banisi ulu öndər Heydər Əliyevin “Əsrin müqaviləsi”nin imzalanmasında və ölkəmizin dünyada neft ölkəsi kimi tanıdılmasındakı əvəzsiz xidmətlərindən danışıb.