Rəsmi xronika

Prezident İlham Əliyev sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı Sərəncam imzalayıb

13-09-2017 | 09:24        

  

Prezident İlham Əliyev sentyabrın 12-də “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sitrus meyvələri, çay və çəltik istehsalının inkişafının sürətləndirilməsi, bu sahənin potensial imkanlarından daha səmərəli istifadə edilməsi və məhsul istehsalına əhalinin marağının artırılması məqsədilə Lənkəran, Şəki, Yevlax, Ağdaş, Astara, Biləsuvar, Göyçay, Lerik, Masallı, Ucar, Zaqatala və Zərdab rayon icra hakimiyyətləri Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və digər aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla, sitrus meyvələri, çay və çəltik istehsalının artırılması üçün müvafiq infrastrukturun yaradılmasının iqtisadi cəhətdən səmərəliliyini nəzərə alaraq, əkinəyararlı torpaqların müəyyən olunmasını və təsərrüfat subyektlərinə ayrılmasını təmin etməlidirlər.

Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə rayon icra hakimiyyəti orqanlarının təkliflərini və bu sahədə mövcud müsbət təcrübəni nəzərə almaqla, müvafiq rayonlar üzrə sitrus meyvələri, çay və çəltik istehsalının inkişafına dair proqramların layihələrini, çay plantasiyaları və sitrus meyvə bağları sahələrinin genişləndirilməsini stimullaşdırılmaq üçün təsərrüfat subyektlərinə dəstək mexanizmlərinin təkmilləşdirilməsinə dair təkliflərini 3 ay müddətində hazırlamalıdır. Eyni zamanda, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sitrus meyvələri, çay və çəltik istehsalçılarına zəruri kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların lizinq yolu ilə icarəyə verilməsini və ya satılmasını, onlara texniki servis xidməti göstərilməsini, habelə dövlət büdcəsi vəsaiti hesabına alınan pestisidlərin, mineral gübrələrin, tinglərin və toxumların güzəştli şərtlərlə satılması təmin olunmalıdır.

Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi yerli və xarici çəltik sortlarının sınağının təşkilini, habelə seleksiya nailiyyətlərinin Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin dövlət reyestrinə daxil edilməsini, sitrus meyvələri və çay bitkisinin tingçilik təsərrüfatlarının inkişafının dəstəklənməsi, sitrus meyvələri, çay və çəltik istehsalı sahəsində fitosanitar, informasiya-məsləhət xidmətlərinin və kadr potensialının gücləndirilməsi ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etməlidir.

İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə çayçılıq sahəsinin inkişafının davamlı olaraq dəstəklənməsinin təmin edilməsi, fermerlər, tədarükçülər, emalçılar və ixracatçıların dövlət orqanları ilə qarşılıqlı əlaqələrinin daha səmərəli təşkil edilməsi üçün çay istehsalçıları və ixracatçıları assosiasiyasının yaradılması ilə bağlı müvafiq tədbirlər görməli, sitrus meyvələri, çay və çəltik istehsalçıları və emalçılarının investisiya layihələrinin, qanunvericiliyin tələbləri nəzərə alınmaqla, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli şərtlərlə maliyyələşdirilməsini təmin etməli, qabaqcıl texnologiyalar tətbiq etməklə sitrus meyvələri, çay və çəltik istehsalının artırılmasına, emal və qablaşdırma müəssisələrinin yaradılmasına və inkişafına dəstəyi, o cümlədən bu sahəyə qoyulan investisiyaların təşviqini davam etdirməlidir. Həmçinin sitrus meyvələri, çay və çəltik istehsalı ilə məşğul olan sahibkarların istehsal etdikləri məhsulların ixrac potensialının artırılmasına, mümkün tərəfdaşların tapılmasına və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsinə, iş adamlarının ixracla bağlı biliklərinin artırılmasına dəstək tədbirləri daha da genişləndirilməlidir.

Əmlak Məsələləri Dövlət Komitəsi sitrus meyvələri, çay və çəltik istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinin istifadəsindəki və ya onların istifadəsinə veriləcək yeni torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını təmin etməlidir.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti müvafiq rayonlar üzrə çay plantasiyalarının, çəltik tarlalarının və sitrus meyvə bağlarının meliorativ vəziyyətinin və su təminatının yaxşılaşdırılması, sututarların bərpa olunması, çəltik tarlalarında drenaj şəbəkələrinin tikilib istifadəyə verilməsi ilə bağlı zəruri tədbirlər görməlidir.

Maliyyə Sabitliyi Şurası isə aqrar sahədə sığortanın inkişafı ilə bağlı tədbirlərin sürətləndirilməsini təmin etməlidir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (22.09.2017) :
Aydın Gecə : +20+22 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR