Siyasət

Fuad Ələsgərov: Aleksandr Lapşinin əfvi humanist məqsədlə atılmış növbəti addımdır

13-09-2017 | 09:13        

  

“Prezident İlham Əliyev öz fəaliyyətində humanizm ideya və prinsiplərinə sadiqliyini daim təsdiq edir”. Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov Aleksandr Lapşinin əfvi və Mehman Əliyevin həbsdən azad olunması ilə bağlı sualları cavablandırarkən belə deyib.

Fuad Ələsgərov xatırladıb ki, 2017-ci il fevralın 10-da Azərbaycan Prezidenti cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə bağlı olmayan alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Sərəncam imzalayıb. Bu Sərəncamın məqsədi azadlıqdan məhrumetmə ilə bağlı cəzaların tətbiqinin azaldılması və şəxslərin cəmiyyətdən təcrid olunmadan islah edilmələrinə şərait yaradılmasıdır. Digər tərəfdən, qəbul edilən çoxsaylı əfv və amnistiya aktları da bu humanist siyasətin tərkib elementləridir. 2003-cü ildən bəri qəbul edilən 5 amnistiya aktı 54 minə yaxın şəxsə tətbiq olunub. Eyni zamanda, həmin dövr ərzində dövlət başçısı tərəfindən 3800-dən çox şəxsə şamil edilən 31 əfv sərəncamı imzalanıb. Prezidentin köməkçisi vurğulayıb ki, Aleksandr Lapşinin əfvinə də humanist məqsədlə atılmış növbəti addım kimi baxılmalıdır. Lapşinin həm məhkəmə prosesi zamanı, həm də Azərbaycan Prezidentinə ünvanladığı müraciətlərdə törətdiyi cinayətdən səmimi peşmançılıq keçirdiyini etiraf etməsi, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirməsi, ailə vəziyyəti, xüsusilə azyaşlı övladının olması nəzərə alınaraq, cənab Prezident onun əfv olunmasını mümkün hesab edib və bu barədə müvafiq Sərəncam imzalayıb”.

Prezident İlham Əliyevin əfv Sərəncamından sonra Aleksandr Lapşin cəzasının qalan hissəsini çəkməkdən azad edilib və o, gedəcəyi yeri müəyyənləşdirməkdə tam sərbəstdir. Sitat: “Alekasndr Lapşin vətəndaşı olduğu İsrailə getmək arzusundadır. O, sağlamdır, səhhətində heç bir problem yoxdur”.

Mehman Əliyevin həbsdən azad edilməsi ilə bağlı məsələyə də toxunan Prezidentin köməkçisi bildirib ki, Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı dövlət başçısına şəxsən müraciət edib. Prezident İlham Əliyev yenə də humanizm prinsiplərini əsas tutaraq həmin müraciətə dərhal münasibət bildirib və Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi imkanına baxılmasını tövsiyə edib. Əslində, Mehman Əliyevin həbsdən azad edilməsi, habelə Nardaran hadisələrinə görə məhkum olunmuş bir sıra şəxslərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə bu yaxınlarda qəbul edilmiş qərarlar Prezident İlham Əliyevin 2017-ci il 10 fevral tarixli Sərəncamında əks olunan ideya və prinsiplərin reallaşdırılmasının təzahürüdür. Bu Sərəncamın imzalanmasından sonrakı müddət ərzində aparılan statistik hesablamalar göstərir ki, istintaq zamanı həbs edilmiş şəxslərin sayı 30 faiz azalıb. Cinayət-hüquq siyasətinin humanistləşdirilməsi istiqamətində işlər davam etdirilir.