İdman

Bugün “DÇ-2018”in Avropa zonası üzrə seçmə mərhələsinin VII turuna start veriləcək

31-08-2017 | 09:39        

  

Avqustun 31-də 2018-ci ildə Rusiyada keçiriləcək dünya futbol çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin yeddinci turunun oyunlarına start veriləcək.

Gün ərzində “A”, “B” və “H” qruplarında yer alan komandalar üz-üzə gələcəklər.

“A” qrupunda Fransa yığması ilə birlikdə liderlik edən İsveç yığması qrupda dördüncü sırada qərarlaşan Bolqarıstan seçməsinin qonağı olacaq. Qrupun digər lideri Fransa yığması üçüncü sıradakı Niderlandı qəbul edəcək. Beşinci sırada yer alan Belarus yığması isə səfərdə Lüksemburq millisi ilə qarşılaşacaq.

“B” qrupunda keçirdiyi altı görüşün hamısında qələbə qazanan İsveçrə yığma komandası beşinci sıradakı Andorra yığmasını qəbul edəcək. Qrupun ikincisi Portuqaliya yığması evdə dördüncü sıradakı Farer adaları yığması ilə görüşəcək. Qrupda üçüncü yerdə qərarlaşan Macarıstan yığması isə evdə Latviya millisini sınağa çəkəcək.

“H” qrupunda liderlik edən belçikalılar evdə qrupun sonuncu pilləsində qərarlaşan Cəbəllütariq yığmasını qəbul edəcəklər. İkinci sırada qərarlaşan Yunanıstan yığması isə doğma divarlar arasında Estoniya millisini məğlub etməyə çalışacaqlar. Qrup ikincisi Yunanıstandan bir xal geri qalan Bosniya və Herseqovina komandası isə səfərdə qrupun dördüncüsü Kipr ilə qarşılaşacaq.

Qeyd edək ki, “C” qrupunda 7 xalla dördüncü sırada yer alan Azərbaycan millisi sentyabrın 1-də səfərdə Norveç komandasının qonağı olacaq. Milli komandamız sentyabrın 4-də Bakıda San-Marino yığmasını qəbul edəcək.