Xarici xəbərlər

ABŞ-da qeyri-sabit hava şəraiti və Yaponiyada vulkan ciddi fəsadlara səbəb olub

27-01-2011 | 18:09        

  

Amerika Birləşmiş Ştatlarında güclü qar fəsadlara səbəb olub. Qeyri-sabit hava şəraiti nəticəsində yüzlərlə aviareys təxirə salınıb. Yaponiyada isə vulkan püskürməsi səbəbindən dəmiryolu və hava nəqliyyatı bağlanıb. Amerika Birləşmiş Ştatlarının şərq və şimal-şərq bölgələrinə güclü qar yağıb. Konnektikut və Massaçusets ştatlarında vəziyyət daha ağırdır. Burada qarın hündürlüyü 40 santimetrə çatıb. Avtomagistrallarda tıxaclar yaranıb. Yollarda çox sayda qəza qeydə alınıb. Qarla müşayiət olunan külək nəticəsində ağaclar kökündən çıxaraq elektrik xətləri və avtomobillərin  üzərinə düşüb. Minlərlə ev işıqsız qalıb. Missisipi, Men, Pensilvaniya ştatlarında da qarın hündürlüyü 20-30 santimetrə çatır. Nyu-Yorkda da yolların buz bağlaması səbəbindən avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Yollarda qarın hündürlüyü 30-35 santimetrə çatıb. Əlverişsiz hava səbəbindən Nyuyork, Filadelfiya və Boston aeroportlarında yüzlərlə aviareys təxirə salınıb. Dəmir yollarında da qatarların hərəkəti məhdudlaşdırılıb. Paytaxt Vaşinqtonda da qarlı hava nəqliyyatın hərəkətində xaos yaradıb. Bəzi ərazilərdə ağacların qırılması yolları bağlayıb. Şəhərin bəzi rayonlarına isə buz yağışı yağıb. Florida ştatında küləyin sürəti saatda 140 kilometrə çatıb. Güclü külək yağışla müşayiət olub. Sent-Pitesberq şəhərində külək səbəbindən elektrik xətləri sıradan çıxıb. Qazpaylayıcı stansiyanın işi dayanıb. Yaponiyanın cənubundakı Kişişima bölgəsində isə vulkan püskürüb. Nəticədə ətrafa qaya və daş parçaları səpələnib. Səmanı isə qara duman bürüyüb. Qaya parçaları Kişişima dağının ətəyindəki evlərin üzərinə düşüb. Avtomobillərə ciddi ziyan dəyib. Xəsarət alan olmasa da, vulkanın püskürdüyü dağa yaxın ərazilərdə dəmiryol və avtomaqistrallar  bağlanıb. Tokiodan Miyazakiyə isə təyyarə uçuşları da təxirə salınıb. Mütəxəssislər vulkanın getdikcə daha da fəallaşacağını bildiriblər.