Xarici xəbərlər

Ermənistanın Fövqəladə Hallar Nazirliyi Xosrov Dövlət Təbiət Qoruğundakı yanğının qarşısını ala bilmir

16-08-2017 | 16:08        

  

Ermənistan Fövqəladə Hallar Nazirliyi çıxılmaz vəziyyətdədir.

Nazirlik beş gündür Xosrov Dövlət Təbiət Qoruğunda baş verən yanğının qarşısını ala bilmir.

Güclü alov həm Vayot Dzor vilayətinə, həm də vilayətin ərazisində yerləşən Xosrov Dövlət Təbiət Qoruğuna külli miqdarda zərər vurub. Təxmini hesablamalara görə, 360 hektar meşə, 400 hektar düzənli sahə tamamilə məhv olub. Qoruq ərazisindəki nadir ağaclar yanaraq külə dönüb. Ekoloqlar günlərdir davam edən yanğın nəticəsində nəsli kəsilmək üzrə olan canlıların da məhv olduğunu deyirlər. Yanğından canını qurtaran vəhşi heyvanların hücumundan qorunmaq üçün əhaliyə xəbərdarlıq edilib. Artıq Vayot Dzor və ətraf yaşayış məntəqələrinə canavarların hücumu ilə bağlı bir neçə fakt qeydə alınıb. Yanğınla bağlı Ermənistan Baş Prokurorluğu tərəfindən cinayət işi açılıb. Hökumətin iclasında isə Fövqəladə Hallar Nazirliyi kəskin tənqid olunub.

Ermənistan mətbuatı yazır ki, nazirliyin yanğının söndürülməsinə qüvvələri kifayət etməyib. Ona görə də hərbi hissələrdən əsgərlərin, polis əməkdaşlarının, meşə işçilərinin və sakinlərin köməyinə ehtiyac yaranıb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən helikopterləri olmadığından Müdafiə Nazirliyinə müraciət edilib. Bütün bunlar isə Ermənistan mətbuatında müzakirə mövzusuna çevrilib.