Siyasət

YAP “XXI əsrin 10 ili: Azərbaycanın inkişaf strategiyası” adlı konfrans keçirilmişdir

23-12-2010 | 18:45        

  
Dekabrın 23-də “Hyatt-Regensy-Naxçıvan” mehmanxanasında Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “XXI əsrin 10 ili: Azərbaycanın inkişaf strategiyası” adlı konfrans keçirilmişdir. 

AzərTAc xəbər verir ki, konfransda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, bir sıra siyasi partiyaların rəhbərləri iştirak etmişlər. 
YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov konfransı açaraq bildirmişdir ki, son 10 il Azərbaycan tarixinin ən şərəfli dövrü kimi tarixə düşmüşdür. Bu dövr müasir Azərbaycan tarixinin ən önəmli hadisələri - iqtisadiyyatın inkişafı, dövlətin qüdrətinin artması ilə yadda qalmışdır. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinin başlıca amili olan və ümummilli lider Heydər Əliyev siyasətinin fundamental əsasları kimi çıxış edən neft strategiyasının uğurla həyata keçirilməsini, Azərbaycanın iqtisadi gücünün 3 dəfədən, dövlət büdcəsinin 10 dəfədən çox artmasının məhz bu 10 ildə reallığa çevrildiyini qeyd edən YAP sədrinin müavini vurğulamışdır ki, bu dövr dövlətçilik siyasətində ulu öndər tərəfindən müəyyənləşdirilən çox önəmli addımların atılması ilə yadda qalmışdır. Bu illər ərzində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş konsepsiyanın istinad etdiyi üç sütun qəti şəkildə formalaşmışdır: güclü dövlət, müasir iqtisadiyyat və azad insan. Prezident İlham Əliyevin dediyi kimi, artıq Azərbaycanda keçid dövrü də başa çatmışdır. Bu 10 il tariximizə Azərbaycanın iqtisadi, sosial, siyasi, mədəni inkişafının əlamətdar mərhələsi kimi daxil olmuşdur. Əminliklə deyə bilərik ki, ötən dövrdə yaradılmış etibarlı bünövrə növbəti illərdə də ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi konsepsiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi üçün fundamental əsas rolunu oynayacaqdır. Bu on ilin Azərbaycanın müasir tarixinin ən şərəfli dövrü kimi yaddaşımıza həkk olunduğunu vurğulayan Əli Əhmədov bildirmişdir ki, vətəndaşlarımızın sosial rifah halı bundan sonra daha da yaxşılaşacaq, onlar özlərini daha rahat hiss edəcəklər. 
Konfransın keçirilmə vaxtının heç də təsadüfi seçilmədiyini vurğulayan Əli Əhmədov dekabrın 24-də Prezident, YAP-ın sədri İlham Əliyevin doğum günü olduğunu diqqətə çatdırmışdır. Müstəqil Azərbaycanın son 10 illik tarixinin 7 ilinin məhz Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu deyən partiyanın icra katibi dövlətimizin başçısını bu münasibətlə təbrik etmiş, ona cansağlığı, doğma Vətənimizin inkişafı naminə yorulmaz fəaliyyətində uğurlar arzulamışdır. 

Konfransda çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov 
vurğulamışdır ki, ulu öndərin ardıcıl və düşünülmüş siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilməsi nəticəsində ölkəmiz gündən-günə inkişaf edir, sosial-iqtisadi problemlər öz həllini tapır. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına son müraciətini xatırladan Baş nazirin müavini Prezident İlham Əliyevin qətiyyətlə apardığı daxili və xarici siyasət nəticəsində orada əksini tapmış bütün arzuların reallaşdığını bildirmiş, ölkəmizin beynəlxalq aləmdə öz sözü, nüfuzu ilə fərqləndiyini vurğulamışdır. 
Ölkəmizdə qaçqınlara və məcburi köçkünlərə xüsusi diqqət yetirildiyini vurğulayan Ə.Həsənov qeyd etmişdir ki, onların sosial problemləri sürətlə həll olunur. Bu kateqoriyadan olan əhalinin sosial müdafiəsi ilə bağlı son 7 ildə Prezident tərəfindən 26 Fərman və Sərəncam imzalanmış, bir Dövlət Proqramı və ona əlavələr təsdiq edilmişdir. Qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərini daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısının iştirakı ilə bunlar 22 dəfə müzakirəyə çıxarılmış, bu məsələlərə həsr olunmuş beynəlxalq konfrans və iki geniş müşavirə keçirilmişdir. 
Vurğulanmışdır ki, ölkəmizin maddi-mədəni sərvətlərinin qorunması istiqamətində, respublikamızın beynəlxalq müstəvidə müsbət imicinin formalaşmasında Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da xüsusi rolu olmuşdur. 
Bildirilmişdir ki, Azərbaycanda qaçqınların və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli məqsədi ilə 67 müasir tipli qəsəbə salınmış, 120 məktəb, 40 uşaq bağçası, 2 Olimpiya İdman Kompleksi, 40 mədəniyyət müəssisəsi inşa olunmuş, bu yaşayış məntəqələrində müasir tələblərə cavab verən infrastruktur yaradılmışdır. 
Baş nazirin müavini son 10 ildə aparılan uğurlu siyasət nəticəsində Azərbaycanın türk, eləcə də islam dünyasının, beynəlxalq iqtisadi forumların, mədəniyyət tədbirlərinin mərkəzinə çevrildiyini vurğulamışdır. 

Konfransda çıxış edən kənd təsərrüfatı naziri İsmət Abasov bildirmişdir ki, XX əsrin sonlarında siyasi və iqtisadi amillərin təsiri nəticəsində milli iqtisadiyyatımız, o cümlədən aqrar-sənaye kompleksi dərin böhran vəziyyətinə düşmüş, kənd təsərrüfatı məhsulları istehsalı kəskin surətdə azalmağa başlamışdı. Respublikada yaranmış bu böhranlı vəziyyətdən çıxış yollarını islahatların aparılmasında görən ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti, müdrik rəhbərliyi, həyata keçirdiyi cəsarətli tədbirlər nəticəsində postsovet məkanında ilk dəfə olaraq “Sovxoz və kolxozların islahatı haqqında”, “Torpaq islahatı haqqında” və “Aqrar islahatın əsasları haqqında” qanunlar qəbul olunmuşdur. 
Nazir vurğulamışdır ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı, onun keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü və uzaqgörənliyi sayəsində aparılan uğurlu islahatların nəticəsidir ki, kənd təsərrüfatı məhsullarının istehsalı dinamik xarakter almışdır. 
Azərbaycanda əhalinin ərzaq təhlükəsizliyinin tam təmin olunması üçün mühüm tədbirlər görüldüyünü vurğulayan nazir, bütün kənd təsərrüfatı məhsullarında 2000-ci ildən bu yana ciddi artımların olduğunu diqqətə çatdırmışdır. 
Konfransda çıxış edən Qiymətli Kağızlar uzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı hər bir dövlətin inkişafının düşünülmüş və uzaqgörən siyasətdən, müdrik və cəsarətli liderlərdən asılı olduğunu vurğulamışdır. Ümummilli lider tərəfindən yaradılan strategiyanın Prezident İlham Əliyevin yeni bir formatda davam etdirildiyini söyləyən R.Aslanlı, məhz bu siyasət nəticəsində dünya maliyyə böhranının Azərbaycandan yan keçdiyini qeyd etmişdir. 
Komitə sədri vurğulamışdır ki, əldə edilmiş nailiyyətlər son hədəf deyil və bu gün dövlətimizin başçısı hökumət qarşısında dayanıqlı artımın qorunub saxlanması və Azərbaycanın keyfiyyətcə daha yüksək inkişaf səviyyəsinə qaldırılması vəzifələrini qoymuşdur. Bu vəzifələr artıq yeni şəraitdə həyata keçirilməkdədir. 
Qlobal iqtisadi böhran nəticəsində inkişaf etmiş və inkişafda olan ölkələr arasında fərqin azaldığını diqqətə çatdıran R.Aslanlı, bunun yeni rəqabət imkanları açdığını da bildirmişdir. Bu isə səmərəli institutlara və dinamik inkişaf edən iqtisadiyyata malik Azərbaycan üçün yeni imkan və üfüqlər açmaqdadır. 
Komitə sədri əmin olduğunu bildirmişdir ki, növbəti onillik ərzində dövlətimizin başçısının rəhbərliyi altında Azərbaycan bu imkanları da reallaşdıracaq və yuxarı gəlirli ölkələr sırasına daxil olacaqdır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (02.12.2016) :
Yağış Gecə : 3+5 | Gündüz: +9+11
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.7318 | Satış: 1.801

Rubl:
Alış: 0.0259 | Satış: 0.0281

Avro:
Alış: 1.7901 | Satış: 1.9094
AzTV TƏQDİM EDİR