İdman

Bədii gimnastlarımız böyük həyəcanla yarış gününü gözləyirlər

11-08-2017 | 08:50        

  

İsti yay günlərinin son yerli yarışı məhz bədii gimnastlar arasında olacaq. Belə ki, ən zərif gimnastika növünün nümayəndələri avqustun 18-də baş tutacaq bədii gimnastika üzrə 24-cü Azərbaycan çempionatında qaliblər sırasında olmaq üçün böyük həyəcanla yarış gününü gözləyirlər.

Gənclər və böyüklər yaş kateqoriyalarında yer alan 25 gimnast halqa, top, gürzlər və lentlə zövqlü musiqi və çətin elementlərin ahəngindən yaranan kompozisiyaları icra edərək, medallar uğrunda mübarizə aparacaqlar.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Milli Gimnastika Arenasında keçiriləcək yarışlarda “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, “Start” İdman Klubu, “Zirvə İnternational” İdman Klubu, eyni zamanda Gəncə, Qusar və Kürdəmir təmsilçiləri ilə yanaşı, ölkəmizdə təlim-məşq toplanışında olan xarici idmançılar da öz maraqlı çıxışları ilə izləyicilərin qarşısına çıxacaqlar.

İştirakçıların yarış həyəcanını azaltmaq, eyni zamanda onlara dəstək olmaq üçün gələn tamaşaçılara maraqlı və xoş anlar yaşatmaq üçün hər zaman fərqli abu-havada təşkil olunan gimnastika yarışlarında bu dəfə də hədiyyəli müsabiqələr, əyləncəli fləşmoblar və son olaraq Qala-konsert baş tutacaq.