Analitika

Azərbaycan yeni bazarlara çıxır, ixracı artırır

09-08-2017 | 12:12        

  

“Azexport” Azərbaycan mallarını “Amazon”a çıxarır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildiriblər ki, “Azexport” Azərbaycan məhsullarının dünyanın aparıcı elektron ticarət portallarında təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirir. “Azexport”un “Amazon”la əməkdaşlığı çərçivəsində “Fulfillment by Amazon” (FBA) xidməti azərbaycanlı iş adamlarına da əlçatan olub. “Amazon” FBA xidməti sahibkarlarımıza məhsullarını ABŞ-da yerləşən 100-dən çox anbarda yerləşdirmə, saxlanma, qablaşdırma və çatdırılma xidməti təklif edir. Maraqlı olan iş adamları “Azexport”a (https://azexport.az/index.php?route=information/contact) müraciət edə bilərlər.

“Amazon.com” dünyada internet üzərindən satışları həyata keçirən ən irimiqyaslı portaldır. “Azexport” portalı, həmçinin “Alibaba”, “e-Bay” və “Allbiz” kimi iri portallara da inteqrasiya olunub, Azərbaycan məhsullarını bütün dünyaya sərgiləyir.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycanın nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

***

Bu günlərdə Qaxda Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxışı zamanı dövlətimizin başçısı ölkəmizin ixrac potensialı, gələcək perspektivlər və gözləntilər barədə danışdı, bu istiqamətdəki problemləri və planları nəzərdən keçirdi.

Prezident bildirdi ki, 2004-cü ildən başlayaraq infrastruktur layihələrinin icrası ilə bağlı əsas vəzifələrdən biri ərzaq təhlükəsizliyi idi: “Biz əsas diqqətimizi bu sahəyə yönəltdik. Çünki bu, prioritet idi. Yaşlı nəslin nümayəndələri yaxşı bilirlər ki, sovet vaxtında Azərbaycan özünü ətlə, yağla, südlə, toyuq əti ilə təmin edə bilmirdi, bu məhsullar başqa respublikalardan gəlirdi. Biz isə öz növbəmizdə pambıq, üzüm, meyvə, tərəvəz, tütün, fındıq istehsal edib başqa respublikalara göndərirdik. Ancaq müstəqillik dövründə ərzaq təhlükəsizliyi məsələləri ön plana çıxdı. Ona görə, biz əsas diqqəti bu sahəyə yönəltdik. Bunun nəticəsində bu gün taxılçılıqda böyük inkişaf var. Düzdür, bu, hələ ki, bizi tam qane edə bilməz, biz özümüzü hələ tam təmin etmirik, ancaq inkişaf var. Ət istehsalı Azərbaycanın tələbatını demək olar ki, ödəyir. Növbəti illərdə görüləcək tədbirlər nəticəsində biz hətta böyük ixrac potensialına da malik olacağıq. Biz özümüzü toyuq əti ilə 100 faiz, süd və süd məmulatları ilə təqribən 80 faiz səviyyəsində təmin edirik. Azərbaycandan böyük həcmdə meyvə-tərəvəz ixrac edilir. Yəni, ərzaq təhlükəsizliyi məsələləri prioritetdir. Deyə bilərəm ki, bu sahədə əldə edilmiş nailiyyətlər çox sevindiricidir. Növbəti illərdə daha da böyük nəticələr olacaq”.

Dövlət başçısı qeyd etdi ki, bu ilin altı ayının nəticələri Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini göstərir: “Qeyri-neft iqtisadiyyatımız, qeyri-neft sənayemiz artdı. İxrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb. Biz 6 ayda valyuta ehtiyatlarını nəinki qoruya bilmişik, görülmüş tədbirlər, düşünülmüş iqtisadi siyasət nəticəsində 3 milyard dollar əlavə valyuta gəlib. Azərbaycana birinci altı ayda 5 milyard investisiya qoyulub. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu ölkə iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 37-ci yerə layiq görüb. Bu, MDB məkanında birinci göstəricidir. Bu, sadəcə olaraq, görülmüş işlərin təzahürüdür. Makroiqtisadi sabitlik təmin edilib. Manatın məzənnəsi sabitdir. Dövlət xətti ilə ölkə iqtisadiyyatına sərmayə qoyulur. Özəl sektor da buna qoşulub. Qırxa yaxın aqropark yaradılır. Yaxın 1-2 il ərzində bu aqroparklarda istehsal olunacaq məhsul böyük bazarlara ixrac ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin ediləcəkdir”.

İxrac potensialının tam olaraq realizə edilməsi ölkə iqtisadiyyatını gücləndirə, bir sıra dividentlər qazandıra bilər. Yeni bazarlara çıxış və ixracın bir qədər gücləndiriməsi ilə:

-         Ölkə iqtisadiyyatı böyüyəcək, yeni iş yerləri açılacaq

-         Ölkəyə valyuta axını artacaq

-         Yeni tərəfdaşlarla əlaqələr yaranacaq və bu əlaqələr müxtəlif müstəvilərdə inkişaf edəcək

-         İqtisadi əlaqələr həm də möhkəm siyasi münasibətləri formalaşdıracaq

-         Ixracın artmasının gətirdiyi dividentlər təşviqedici xarakter daşıyacaq, əvvələr idxal olunan məhsulların daxildə istehsal olunmasına maraq güclənəcək

-         Keyfiyyətli məhsullar həm də ölkəmizi təbliğ edəcək, Azərbaycanı daha geniş arealda tanıtdıracaq

 

Beləliklə, proses davam edir. Azərbaycan müxtəlif məhsullarla dünya bazarına çıxır, həm bu bazarların sayı – ölkəmizin ixrac həyata keçirdiyi ölkələrin sayı artır, həm də məhsulların çeşidi.

Vüsal Məmmədov