Analitika

Azərbaycanın ekoloji sahədə beynəlxalq reytinqi yüksəlir

19-07-2017 | 13:36        

  

Elmi-texniki tərəqqi, sənayenin sürətli inkişafı, silahlanmanın, dünyanın müxtəlif bölgələrində intensiv hərbi toqquşmaların artması nəticəsində atmosferə zərərli maddə və məhsulların atılması ətraf mühitin və ekologiyanı ciddi təhlükə ilə üz-üzə qoyub. İqlim dəyişikliklərinin, təbii fəlakətlərin artması da məhz ekoloji tarazlığın pozulması ilə bağlıdır.

Amerika mətbuatının yazdığına görə, ABŞ-ın Atmosfer Tədqiqatları Milli İdarəsinin yeni hesabatında deyilir ki, dünyanın 48 ölkəsindən olan 300-dən artıq alim qlobal istiləşmənin qaçılmaz olduğuna əmindir. Sənəddə bildirilir ki, qarşıdakı illərdə bütün dünyada hərarətin yüksəlməsi və buzlaqların əriməsi prosesi davam edəcək. Ekoloqların fikrincə, əgər dünya birliyi qlobal istiləşmə ilə bağlı vaxtında qabaqlayıcı tədbirlər görməsə, qarşıdakı onilliklər ərzində bəşəriyyət iqlim dəyişikliyinin fəlakətli nəticələri ilə üzləşəcək.

Ekolji tarazlığın, sabitliyin təmin olunması, şübhəsiz ki, bütün dünya ictimaiyyətinin birgə səylərindən asılıdır. Yalnız bütün ölkələr öz üzərinə düşən öhdəlikləri ciddi şəkildə yerinə yetirməklə planeti üzləşdiyi təhlükədən xilas edə bilər.

Təhlükənin ciddiliyini nəzərə alaraq, Ümumdünya İqlim Proqramı yaradılmış və Birləşmiş Millətlər Təşkilatı tərəfindən iqlim dəyişkənliyi barədə Aralıq Konvensiyası, Çərçivə Konvensiyası və Kioto protokolu qəbul edilib. İqlim dəyişkənliyini nəzarətdə saxlamaq üçün BMT tərəfindən beynəlxalq ekspert qrupu yaradılıb.

***

Azərbaycan bu sahədə beynəlxalq konvensiyalardan və sazişlərdən irəli gələn öhdəlikləri tam həcmdə yerinə yetirir, ölkəmizdə ekoloji tarazlığın təmin edilməsinə, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınmasına yönəldilmiş tədbirlər ardıcıl xarakter daşıyır.

Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlər beynəlxalq ictimaiyyətin də marağına səbəb olub.

“BMT-nin sifarişi ilə məşhur Yel və Kolumbiya universitetləri tərəfindən xüsusi bir elmi mərkəz yaradılıb və həmin mərkəz 2016-cı ildə Ekoloji Fəaliyyətin Effektivliyi İndeksini hazırlayıb. 180 ölkəni əhatə edən indeksə görə Azərbaycan 31-ci sırada qərarlaşıb. Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə ikinci, MDB ölkələri arasında isə birinci olub”.

Bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Meşələrlə bağlı qiymətləndirmə üzrə Azərbaycan dünyada ilk beş ölkə sırasına daxil edilib. Bu yüksək göstəricinin qazanılmasına yeni meşə əkinlərinin salınması nəticəsində meşə ilə örtülü ərazilərin sahəsinin artması, regionların qazlaşdırılması, meşələrin mühafizəsi tədbirlərinin gücləndirilməsi səbəb olub.

Həmin qiymətləndirməyə əsasən Azərbaycan iqlimə təsir edən faktorların azaldılması və enerjidən istifadənin ətraf mühitə təsiri baxımından ikinci, həmin bölmənin atmosferə atılan istixana qazlarının azaldılmasındakı nailiyyətlərə görə isə birinci yerdə qərarlaşıb. Ümumi daxili məhsulun dəfələrlə artmasına baxmayaraq, tullantılar 1990-cı ildəki 73 milyon tondan 51 milyon tona qədər azaldılıb. Buna davamlı inkişaf prinsiplərinə böyük önəm verilməsi, ekoloji təmiz sənayenin və bərpa olunan enerji sektorunun inkişafı, enerji effektivliyinin artırılması, ən əsası isə Azərbaycanın bütün bunlara öz resursları hesabına nail olması səbəb olub.

Vüsal Məmmədov

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (22.09.2017) :
Aydın Gecə : +20+22 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR