Analitika

Azərbaycanın enerji təhlükəsizliyindəki rolunun ifadəsi

11-07-2017 | 11:24        

  

Məlum olduğu kimi, İstanbulda 22-ci Dünya Neft Konqresi keçirildi. Ənənəvi Konqres dünya neft bazarındakı vəziyyəti, təlatümləri, gözləntiləri nəzərdən keçirməyə imkan yaradır. Qeyd edək ki, 1933-cü ildə Londonda təsis edilən Dünya Neft Konqresi 70 ölkəni özündə birləşdirir. Bu konqres ötən dövrdə dünyada enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verib. Konqres dünya neft sektorunun bütün sahələrini əhatə edir və hər üç ildən bir toplantılar təşkil edir. Bu dəfə İstanbulda “Enerji gələcəyimizə körpülər” devizi altında təşkil olunan 22-ci Dünya Neft Konqresinə 100-dən çox ölkədən 50 nazir, 5 mindən çox dövlət nümayəndəsi və şirkət rəhbərləri qatılmışdı.

Konqresdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edirdi. Belə bir mötəbər tədbirdə ölkəmizin təmsil olunması, heç şübhəsiz ki, təsadüfi deyil. Azərbaycanın regionun, xüsusilə Avropanın enerji təhlükəsizliyindəki rolu aydındır. Məhz bu rol Azərbaycanın beynəlxalq çəkisinə də müstəsna təsir göstərir.
Azərbaycan beynəlxalq dairələrdə etibarlı tərəfdaş kimi xarakterizə olunur. Çünki ölkəmiz öz ehtiyyatlarından konstruktiv, tərəflər üçün faydalı olacaq əməkdaşlıq mühiti şəraitində istifadə edir, heç bir halda bu resursları təzyiq rıçaqı kimi istifadə etmir.

Azərbaycan Prezidenti İlham Əliyev konqresdə, prezidentlərin tədbirində çıxışı zamanı Azərbaycanın enerji təhlükəsizliyi məsələsindəki mövqeyindən bəhs edib, həyata keçirilən layihələr barədə məlumat verib.

“Azərbaycan öz məsuliyyətini dərk edir. Biz yaxşı başa düşürük ki, tərəfdaş ölkələrlə birlikdə icra etdiyimiz layihələr bir çox ölkələrin enerji balanslarını və enerji təhlükəsizliyini təmin edəcək, onlara kömək edəcək. Biz bu məsuliyyəti öz üzərimizə götürərək ümid edirəm ki, yaxşı nəticələr göstəririk” – deyə prezident İlham Əliyev qeyd edib.

Ancaq Azərbaycan yalnız neft ölkəsi deyil, həm də böyük qaz ehtiyatları olan qaz ixracatçısıdır. Hazırda ölkəmiz dünya bazarlarındakı qaz alıcıları şəbəkəsi genişlənməkdədir.

Prezident İlham Əliyev tədbirdəki çıxışı zamanı bu məsələyə də toxunub: ““Cənub Qaz Dəhlizi” layihəsinin icrasında yeddi ölkə iştirak edir: Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Üç Balkan ölkəsi də gələcəkdə Cənub Qaz Dəhlizinə qoşula bilər. Bu istiqamətdə də müvafiq işlər aparılır. Yəni, biz bu layihənin coğrafiyasını genişləndiririk, gələcəkdə daha da genişləndirə bilərik. Çünki bu, hər bir ölkəyə fayda gətirən təşəbbüsdür. Bu layihənin icrası onu göstərir ki, burada iştirak edən bütün ölkələr və şirkətlər qazanc əldə edirlər. Biz elə bir gözəl əməkdaşlıq formatı yaratdıq ki, həm hasilatçılar - yəni, Azərbaycan, həm tranzit ölkələr və həm də istehlakçılar burada ortaq maraqlar əsasında çalışırlar. Məhz bu maraqlar balansı bu böyük layihənin uğurlu icrasına gətirib çıxarıb. Çünki burada həm texniki, maliyyə, iqtisadi, siyasi məsələlər kifayət qədər çoxdur. Artıq bu gün demək olar ki, “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra ediləcək və Azərbaycan bundan sonra uzun illər ərzində həm bölgə, həm də Avropa ölkələrini təbii qazla təmin edəcəkdir.

Bu gün qaz amili dünyada enerji təhlükəsizliyini təmin edən əsas şərtdir. Bu baxımdan Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində öz töhfəsini verməkdədir. Eyni zamanda, Azərbaycan qazı Avropaya nəql ediləcək yeganə yeni qaz mənbəyidir. Çünki qalan bütün qaz mənbələri fəaliyyətdədir. Artıq yeni mənbə aşkarlanıbdır. Bu qaz ehtiyatları yeni xətlə Avropa bazarlarına çıxarılacaqdır. Yəni, bizim üstünlüyümüz ondan ibarətdir ki, burada hər iki amil var. Bu da enerji şaxələndirilməsi istiqamətində çox ciddi bir addımdır”.

Vüsal Məmmədov

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR