Xarici xəbərlər

Ermənistanda bütün məhsulların qiymətləri artıb

27-01-2011 | 17:16        

  

 

 

 

Ermənistanda əhalinin onsuz da çətin sosial vəziyyəti indi daha da ağırlaşıb. Ölkədə bütün məhsulların qiymətləri artıb. Bunu Milli statistik xidmətin dərc etdiyi göstəricilər təsdiqləyir.

Ermənistanda aparılan monitorinq göstərir ki, il ərzində bahalaşma 9,8% təşkil edib. Ərzaq məhsullarına qiymətlər 13,1%, qeyri-ərzaq məhsullarına 5,6%, xidmətlərə 4,2% artıb. Ölkədəki sosial vəziyyəti sabitləşdirə bilməyən Ermənistan hakimiyyəti əhalinin narazılığının qarşısının almaq üçün 4-cü hakimiyyət hesab edilən – mediaya təsir etməyə çalışır. Rəsmi İrəvan müflislik vasitəsilə azad mətbuatı boğmağa çalışır. Bununla bağlı Erməni Milli Konqresi bəyanat yayaraq, hakimiyyətin nəzarəti altında olmayan bir sıra qəzetlərə təzyiqlərin davam etdirildiyini bildirib. Hazırda məhkəmələrdə “Aykakan Jamanak”, “Jamanak”, “Aravot” qəzetlərinə qarşı iddialara baxılır. Bu mətbu orqanlara qarşı olan iddiaların qanunsuz olduğunu bəyan edən Konqres qəzetlərdə hazırkı hakimiyyət nümayəndələri və onları dəstəkləyənlərə qarşı dərc edilən bütün məlumatların konkret faktlara və mənbələrə əsaslandığını vurğulayır. Ermənistanda əksər müxalif partiya və təşkilatları özündə birləşdirən Erməni Milli Konqresi onu da əlavə edir ki, erməni cəmiyyətinin əksər hissəsi üçün alternativ informasiyanın əldə edilməsi yox dərəcəsinə endirilib, çünki artıq 10 ildir ki, rejim bütün telekanalları nəzarət altında saxlayır, mediaya sərt senzura tətbiq edir. Konqres bu kampaniyanı kəskin pisləyir və ümid edir ki, bu vəziyyət Avropa Şurası Parlament Assambleyası, ATƏT kimi qurumların, Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları səfirlərinin diqqətini cəlb edəcək.