Cəmiyyət

Azərikimya” İstehsalat Birliyində yeni istehsalat sahələri yaradılacaq

27-01-2011 | 17:05        

  

 

 “Azərikimya” İstehsalat Birliyində yeni istehsalat sahələrinin yaradılması planlaşdırılır. Bununla bağlı birliyin mövcud  müəssisələrində xammal istehsalının artırılması və yaradılacaq kiçik müəssisələrdə  bazarın tələbinə uyğun yeni əmtəələrin istehsalı nəzərdə tutulur.  Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda aparılan əsaslı təmir işləri  başa çatdırılıb. Müəssisədə yeni avadanlıqların quraşdırılması  nəticəsində  istehsal prosesi 25 faizdən 42 faizə çatdırılıb. Ötən il müəssisədə 9 min 200 ton polietilen istehsal olunub. Bu da qurum tarixində ən yüksək göstəricidir. Hazırda beynəlxalq bazarda kimya məhsullarına olan tələbat öyrənilir və bu istiqamətdə  yeni polietilen və polipropilen zavodlarının da tikilməsi  nəzərdə tutulur.

Bütün kimya müəssisələri üzrə texnoloji tsiklin tam təmin edilməsi məqsədi ilə Səthi aktiv maddələr, “Üzvi sintez” və Etilen-polietilen zavodlarında “xammal–yarımfabrikat–hazır məhsul” prinsipi üzrə maneəsiz istehsal fəaliyyətinə nail olunub. Müəssisələrdə kaustik soda, maye xlor, poliefir qətranı istehsalı, butadien-divinil fraksiyası və piroliz qətranının istehsalı üzrə daha yüksək nəticələr əldə olunub. Hazırda “Azərkimya”nın müəssisələrində istehsal edilən məhsulların 90 faizi ixrac olunur. MDB ölkələri ilə yanaşı Türkiyə və Çin, qismən isə Avropa ölkələri Birliyin məhsullarının sifarişçiləri sırasına qoşulub. Texnika parkı tamamilə yenilənir. İndi  birliyin müəssisələrində 6 minə yaxın işçi çalışır.