Mədəniyyət

VI Muğam Televiziya müsabiqəsi davam edir

06-06-2017 | 10:11        

  

6-cı Muğam Televiziya müsabiqəsinin final mərhələsi üzrə növbəti dinləmələr zamanı birinci onluğa daxil olan iddiaçılar böyük söz ustadı Molla Pənah Vaqifin qəzəllərinə müraciət ediblər.

Heydər Əliyev Fondunun dəstəyi ilə son həftəsini yaşayan 6-cı Muğam Televiziya müsabiqəsinin final mərhələsi üzrə növbəti dinləmələr zamanı qonaqlar əbədi musiqi olan muğamlarımızı dinlədilər və  klassik poeziyamızın daha bir maraqlı səhifəsinə səyahət etmiş oldular. Belə ki, ədəbiyyatımızın görkəmli simalarından olan Molla Pənah Vaqifin qəzəlləri iddiaçıların muğam repertuarını bəzədi. Layihənin iştirakçıları Vaqifin qəzəllərində cəmlənən lirikanı, obrazlar aləmini böyük sevgi ilə çatdırdılar.

Həmçinin muğasevərlər gecədə böyük söz ustadının gözəl misralarını unudulmaz sənətkar, xalq artisti Həsən Turabovun ifasında dinləmək imkanı qazandılar. Azərbaycan Radiosunun Qızıl fondunda saxlanılan lent yazısı hər kəsi  bir daha Vaqif poeziyasına qovuşdurdu.

Köhnə nəslin xəfif bir kövrəkliklə xatırladığı, şirin avazlı xanəndə Səxavət Məmmədov layihənin retro hissəsində yada salındı. Taleyi nakam məhəbbətə bənzəyən sənətkar muğamlarımızın və xalq mahnılarının mahir ifaçısı kimi hər zaman geniş dinləyici kütləsi tərəfindən arzuedilən ifaçı olub. Səsi ilə hələ də hafizələrdə yaşayan sənətkarın Azərbaycan Televiziyasının Qızıl fondunda saxlanılan lent yazısı muğamsevərləri Səxavət Məmmədov dünyasının qonağı etdi.

Xalq artisti Əlibaba Məmmədov xanəndənin yaradıcılığına nəzər salaraq dedi ki, onun ifasındakı  “Azad bir quşdum” mahnısı səslənəndə sanki lirik bir hekayənin dinləyicisinə çevrilirsən.

Beynəlxalq Muğam Mərkəzinə gələrək bu ecazkar musiqinin sehrinə düşənlər belə bir möhtəşəm layihənin keçirilməsini, gənclərə göstərilən diqqət və qayğını yüksək dəyərləndirdilər.

Gecədə layihənin birinci onluğuna daxil olan bir-birindən istedadlı gənclər fərqli və dolğun ifaları ilə tamaşaçılarının görüşünə gəldilər.

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm nazirliyinin iştirakı ilə Mədəniyyəti Fondunun layihəsi əsasında keçirilən 6-cı Muğam Televiziya müsabiqəsi 7 iddiaçının iştirakı ilə davam edir.