Analitika

Azərbaycan: tollerantlıq və islam həmrəyliyinin paytaxtı

30-05-2017 | 10:45        

  

Dünyanın bu gün üzərində düşünməyə başladığı, həlli üçün səylər göstərdiyi tollerantlıq Azərbaycanda əsrlərdir ki, həyat tərzidir. Multikultural dəyərlərin möhkəmliyinin ifadəsidr ki, ölkəmizdə müxtəlif dinlərin, xalqların nümayəndələri daim mehriban şəkildə yaşayıblar, heç bir zaman konfensiyalar arasında ziddiyətlər yaşanmayıb.

Azərbaycan müasir dünyəvi dövlət olmaqla paralel nümunəvi islam ölkəsidir. Dünyanın islamfobiya meyillərinin gücləndiyi indiki dövrdə Azərbaycan beynəlxalq ictimai fikirə təsir edə biləcək addımlar atır, islamın xoşməramlı ruhu barədə bütün dünyaya mesajlar verir.

2017-ci il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunmuşdu. Bu, təsadüfi deyildi. Ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etmək üçün hazırlaşırdı.  Dövlətimizin başçısı İslam Əməkdaşlıq Təşkilatının “OİC Journal” nəşrində dərc olunmuş “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqaləsində etnik və dini tolerantlığı “irəliyə doğru inamla getməyin ən optimal yolu” adlandıraraq vurğulayırdı: “Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. “İslam Həmrəyliyi İli”nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir. Hesab edirəm ki, bu ilin mayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı olmayacaq, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaqdır”.

...və Azərbaycan Oyunları Olimpiada səviyyəsində təşkil etməklə bütün dünyanın diqqətini ölkəmizin paytaxtına, bu oyunların mahiyyətinə və islam ölkələrinin həmrəyliyinə yönəltdi.

Bakı bütün islam ölkələri idmançıları üçün 10 gün ərzində doğma məkana çevrildi. Bakıya rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə gəlmişdi və indiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmayıb.

Yarışlar Azərbaycanın iqtisadi inkişafını, beynəlxalq tədbirləri hansı səviyyədə təşkil etmək imkanlarını, eləcə də idmançılarımızın, idmanımızın gücünü göstərdi.
IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları yarışları birinci pillədə başa vurdular. Atletlərimiz hamıdan çox - 162 medal (75 qızıl, 50 gümüş və 37 bürünc) qazandılar.

Prezident İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib: “Bu Oyunlar, eyni zamanda, İslam həmrəyliyini gücləndirəcək. Mən Oyunlar ərəfəsində demişdim, bizim əsas məqsədimiz ondan ibarətdir ki, müsəlman ölkələrini təmsil edən idmançılar, qonaqlar Bakıda bir yerdə olsunlar, bir-biri ilə tanış olsunlar, bir-birinin əlini sıxsınlar və dostluq, əməkdaşlıq güclənsin. Belə də oldu. Biz bunu yarışlarda gördük ki, bəzi hallarda siyasi cəhətdən bir-biri ilə o qədər də yaxın münasibətləri olmayan ölkələrin nümayəndələri bir-birini təbrik edir, bir-birinin uğuruna sevinir, bir-birinin əlini sıxırlar”.

Beləliklə, Azərbaycan islam ölkələrinin həmrəyliyinin gücləndirilməsində, islam ölkələri arasında əlaqələrin sıxlaşdırılmasında flaqman kimi çıxış edir. ABŞ-ın, Avropa ölkələrinin etibarlı, strateji müttəfiq kimi qəbul etdiyi Azərbaycan həm də islam ölkələri ilə digər qütblər arasında körpü rolunda çıxış etməyə başlayır. Bu etimad həm də ölkəmizin tollerantlığına olan münasibətdir.

Vüsal Məmmədov

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.07.2018) :
Aydın Gecə : +26+28 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0255 | Satış: 0.0271

Avro:
Alış: 1.9825 | Satış: 2.0424
AzTV TƏQDİM EDİR